Bu yay Azərbaycanda qıtlıq ola bilər
31 Mart 2014 Bazar Ertəsi 12:22
Ekspertlər isti havadan sonra qəflətən havanın dəyişməsini xeyirli əlamət saymırlar.
Ötən gün isti hava şəraitindən sonra Azərbaycanda şaxtalı hava müşahidə edildi. Sərt hava şəraiti nəticəsində bəzi evlərin damı uçdu, bəzi yerlər qaranlığa qərq oldu. Lakin vətəndaşlar yaranmış və görünən problemlərdən çox, kənd təsərrüfatında sonradan yaranacaq çətinliklərdən narahatdırlar. Siyəzəndə fermerliklə məşğul olan Kərəm Məmmədov becərdiyi meyvə ağaclarının bu il bar verməyəcəyində qorxur. Kərəm Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bəzi ağaclar artıq tumurcuqlamışdı. Qardan sonra həmin ağacların donacağı və bütün çəçəklərini töküləcəyindən qorxur.

“Biz torpaq adamıyıq. Gözümüzü torpağa dikmişik və çörəyimiz ondan çıxır. İndi havanın bizimlə qorxulu zarafatı gələcəyimizi təhlükə altına atır. Ümidimiz ancaq Allaha qalıb. Ehtiyat edirik ki, bu il məhsullarımız az və keyfiyyətsiz olsun”, - deyə Kərəm Məmmədov bildirib.

Ekspertlər də, isti havadan sonra qəflətən havanın dəyişməsini xeyirli əlamət saymırlar. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, havanın kəskin şəkildə aşağı düşməsi kənd təsərrüfatında müəyyən problemlər yaradacaq. Onun sözlərinə görə, bu hal mütləq bitkilərin fizioloji durumuna təsür edəcək. Ekspert bunu kənd təsərrüfatının bir çox sahələrinə aid edir.

“Nəzərə almaq laızmdır ki, bəzi bitkilərin çiçəklənmə dövrü başlayıb. Bəzilərində bu yekunlaşmaq üzrə idi, digərlərində isə çiçəklənmə başlayırdı. Bir problem də ondan ibarət idi ki, bizdə çəyirdəkli bitkilərin mayalanma prosesi normal getmirdi”, - deyə Vahid Məhərrəmov bildirib.

Ekspertin fikrincə, əgər bundan sonra da havanın tempraturu aşağı olarsa, daha da ciddi fəsadlar yaranacaq: “Allah eləməmiş yenə qar yağarsa, bu kənd təsərrüfatının faciəsi ola bilər. Lakin bu dəfəki qarın meyvə istehsalına necə təsir etdiyini bundan sonra aparılacaq müşahidələrdən sonra biləcəyik”.

Lakin Kənd Təsərrüfatı Nazirliyində vəziyyətin elə də ciddi olmadığını bildirirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, dünənki qarın fermerlərin işinə həm müsbət, həm də mənfi təsir edəcək.

“Kənd təsərrüfatı riskli bir sahədi. Yəni hava iqlim şəraitindən sığortalanmayıb. Son dövrlər havanın kəskin dəyişməsi, soyuq hava kütləsinin ölkəyə daxil olması kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir. Bu hal taxılçılığa müsbət təsir edir. Çünki qarın yağması torpaqda münbütlüyü, nəmliyi artırır. Bu da taxıl bitkilərinin inkişafına müsbət təsir edir”, - deyə Murtuzəli Hacıyev bildirib.

Murtuzəli Hacıyev deyir ki, tərəvəz məhsulları adətən aprelin ikinci ongünlüyündə sahələrə köçürülməyə başlanır. Xüsusən də pomidor, xiyar məhsulları və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayacaq. Bu baxımdan bostan bitkilərinin inkişafına müsbət təsir edəcək.

Lakin qarın gözlənilmədən, isti havalardan sonra yağması meyvəçiliyə mənfi təsir edir. Murtuzəli Hacıyevin sözlərinə görə, xüsusən də çəyirdəkli meyvələrin, ərik, alça, badam və s. yetişməsinə ziyandır. Hansı ki, erkən çiçəkləyən ağaclar var, onların bar verməsinə mənfi təsir edir.

Murtuzəli Hacıyev fermerlərə belə hallarda bəzi ehtiyat tədbirlərinin görülməsini məsləhət bilir: “Fermerlər əlavə aqrotexniki tədbirlər həyata keçirtməklə məhsulu bərpa edə bilərlər. Xüsusən də meyvəçiliklə məşğul olan fermerlərə məsləhət görərdik ki, şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görsünlər. Torpağa kompleks gübrələr verilsin. Torpaq yaxşıca bellənsin. Bir də, şaxta vuran budaqları kəsməklə don vuran tumurcuqları bərpa etmək olar. Bununla da, məhsuldarlığı müəyyən dərəcədə saxlamaq mümkündür”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti kəskin dəyişib. Hava yağıntılı olub, sulu qar, qar yağıb.

Qar örtüyünün hündürlüyü Qax 42, Xınalıqda 30, Kişçayda 26, Daşkəsən, Göygöldə 22, Ordubadda 21, Qubada 18, Lerikdə 16, Yardımlıda 14, Lerik, Altıağacda 13, Şəki, Kəlvəzdə 12 , Zaqatalada 11, Naxçıvanda 10, Ağdərədə 8, Şahbuzda 6, Qəbələdə 5, İsmayıllıda 4, Şərurda 3, Biləsuvarda 2, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.

Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar