Bu il dünya narkotika bazarında qıtlıq olacaq
06 Avqust 2010 Cümə 21:50
Azərbaycanda isə 317 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
Terrorçuluğa əsas dəstəkverici qüvvələrdən olan narkotika ilə mübarizə Azərbaycanda ürəkaçan səviyyədədir. Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlər belə deməyə əsas verir.

Bu ilin birinci yarısında daxili işlər orqanları tərəfindən narkotiklərlə bağlı 1801 fakt aşkar edilib ki, nəticədə 317 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb. Götürülmüş narkotik vasitələrdən 211 kiloqramı marixuana, 126 kiloqramı həşiş, 20 kiloqramı tiryək, 57 kiloqramı isə heroin olub. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 nəfər İran, 4 nəfər Rusiya, 12 nəfər Gürcüstan və 1 nəfər Ukrayna vətəndaşı saxlanılıb və həmin şəxslərdən ümumilikdə 21 kiloqrama yaxın narkotik vasitə müsadirə edilib.

İdarə rəisi, həmçinin bu ilin birinci yarısında ölkədə 453,1 hektar ərazidən 213 ton 812 kiloqram narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edildiyini də deyib. Azərbaycanın şərqlə qərbi birləşdirən böyük İpək Yolunun üzərində olması iqtisadi dividentlər gətiməklə yanaşı, qaçaqmalçılıq problempini yaradır. Belə ki, Azərbaycan narkotik vasitələrin qeyri qanuni dövriyyəsində tranzit bir ərazi kimi istifadə olunur. Bu gün narkotik vasitələrinin Avrasiyada əsas istehsalçısı olan Əfqanıstandan Azərbaycan ərazisinə narkotik vasitələr 3 böyük marşrutla daxil olur. Bunlardan birincisi Əfqanıstan-İran-Azərbaycan, ikincisi Əfqanıstan-Pakistan-İran-Azərbaycan, üçüncüsü isə Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan marşrutudur. Azərbaycana daxil olan narkotiklərin böyük hissəsi isə buradan Avropaya daşınır. Bir yol da var ki, o hələlik rəsmi olaraq BMT tərəfindən qəbul edilməsə də, bu marşrutla da xeyli miqdarda narkotik daşınır - Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu.

Ümumiyyətlə bu il Əfqanıstandan ixrac olunan narkotikin miqdarında azalmanın olacağı gözlənilir.

Belə ki, Beynəlxalq Təşkilatların açıqlamalarına görə, bu il Əfqanıstanda “göbələk” xəstəliyinin yayılması ilə əlaqədar bu ölkədə narkotik istehsalı 30 faiz aşağı düşüb. Hər il 8 min tondan çox narkotik istehsalçısı kimi tanınan Əfqanıstanın 33 vilayətində “göbələk” xəstəliyi yayılıb. Nəticədə xeyli sayda narkotik plantasiyaları məhv olub və ölkədə narkotik istehsalı 30 faiz aşağı düşüb. Bu amilin dünya ölkələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə sözün yaxşı mənasında təsir göstərəcəyi bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar