Bu il Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaq
17 Yanvar 2012 Çərşənbə Axşamı 00:32
Prezident: “İndi bölgələrdə də beşulduzlu mehmanxanalar tikilir”.
“2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib. “Turizm ili” ərzində bu sahəyə daha da böyük diqqət göstərilib. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm”. ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, ötən il təkcə Bakıda beşulduzlu 3 mehmanxana açılıb: “Bu il ən azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaq. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram. Şahdağ Turizm Kompleksi bu il istifadəyə veriləcək. Bu da dünya miqyasında nadir xizək kurortu olacaq. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaq. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili “Turizm ili” elan etməyimiz də hesab edirəm ki, düzgün addım idi”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar