Bu il Azərbaycanın hərbi xərcləri 2 milyard 150 milyon dollara bərabərdir
25 İyun 2010 Cümə 00:15
“Bu il Azərbaycanın hərbi xərcləri 2 milyard 150 milyon dollara bərabərdir. Bu, Ermənistanın bütün dövlət büdcəsindən çoxdur”.
“Azərbaycan Ordusu gündən-günə güclənir. Azərbaycanda ordu quruculuğu prosesi çox uğurla gedir və bu, bizə imkan verir ki, hərbi gücümüzü artıraq. Ordu quruculuğu hər bir ölkə üçün çox önəmli məsələdir. Xüsusilə müharibə şəraitində yaşayan ölkə üçün bu, prioritet olmalıdır. Bu, belədir və Azərbaycanda ordu quruculuğu ən prioritet məsələdir”. Bunu Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izlədikdən sonra hərbçilər qarşısındakı çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan uzun illərdir işğaldan əziyyət çəkir və biz doğma torpaqlarımını işğalçılardan azad etməyə hər an hazır olmalıyır. Dövlət başçısının fikrincə, bunu etmək üçün siyasi və diplomatik səylərlə bərabər, Azərbaycan güclü orduya malik olmalıdır və bu proses uğurla gedir. Prezident deyib ki, bu gün Azərbaycan Ordusunun səviyyəsi çox yüksək zirvədədir: “Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır, ruh yüksəkliyi vardır. Eyni zamanda, ordumuzun maddi-texniki bazası möhkəmlənir və son illərdə bu işlərdə çox böyük addımlar atılıb. Ordumuzun bütün tələbatını ödəmək üçün dövlət tərəfindən kifayət qədər vəsait ayrılır. Sadəcə bir rəqəmi demək kifayətdir ki, son bir neçə il ərzində, daha doğrusu, 7 il ərzində hərbi xərclərimiz 13 dəfədən çox artıb. Bu gün 2010-cu ilin bütün hərbi xərcləri Azərbaycanda 2 milyard 150 milyon dollara bərabərdir ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Yəni, bir neçə il bundan əvvəl qarşıya məqsəd qoyulub ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərindən çox olmalıdır. Artıq bu məqsəd reallaşıb. Biz bundan sonra da hərbi gücümüzü artıracağıq, ordumuz üçün lazım olan bütün silah-sursatı və texnikanı alacağıq”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar da atılacaq: “Son illərdə bu istiqamətə də çox böyük diqqət göstərilib. Hazırda Azərbaycanda 21 hərbi müəssisə, hərbi zavod fəaliyyət göstərir, 30 istehsal sahəsi yaradılıb. Biz elə etməliyik ki, Azərbaycan Ordusu üçün, Silahlı Qüvvələr üçün lazım olan bütün texnika, silah-sursat Azərbaycanda istehsal edilsin. Biz bu istiqamətdə işimizi daha da gücləndirəcəyik. Bunu etmək üçün əlbəttə ki, ölkədə maliyyə resursları, iqtisadi güc olmalıdır və biz bu gücü yaradırıq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: