Bu il Azərbaycanda insan alveri ilə bağlı 63 fakt qeydə alınıb
08 Oktyabr 2010 Cümə 14:35
İnsan alveri qurbanlarının 23-ü Türkiyəyə aparılıb.
Son 9 ayda Azərbaycanda insan alveri ilə bağlı 63 fakt qeydə alınıb, cinayətkar qruplardan 5-i zərərsizləşdirilib, 29 cinayətkar isə ifşa olunub. Bu barədə Azərbaycanın İnsan alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov parlamentə təqdim etdiyi hesabatda bildirib.
Barəsində axtarış elan edilən şəxslərdən 13 nəfər İnterpoll xətti ilə tutularaq Ölkəmizin istintaq orqanlarına təhvil verilib, iş üzrə 43 nəfərin axtarışı isə davam edir.
İnsan alverinin qurbanı olan 32 nəfərdən 25-i sığınacaqlara yerləşdirilib və onlara lazımi yardım göstərilərək cəmiyyətə inteqrasiyaları təmin olunub. Onlardan arasında 2 azyaşlı uşaq Təhsil Nazirliyi tərəfindən internata, 5 uşaq isə bağçaya verilib. 27 nəfərə isə birdəfəlik müavinət və maddi yardım verilib. 6 nəfərə dəyən ziyan məhkəmə yolu ilə ödənilib.
İnsan alveri qurbanlarının 23-ü Türkiyəyə, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü İrana aparılıb. Onlardan 3-ü orta ixtisas, 3-ü natamam orta, 19-u orta təhsilli, 9-u isə təhsilsizdir.
Hesabat dövründə ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 115, fahişəliyə cəlb etmə ilə bağlı 52, əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 63 cinayət faktı aşkarlanıb, 71 nəfər isə məsuliyyətə cəlb olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: