Bu gün Bakıda Xəzəryanı ölkələrin sammiti keçiriləcək
18 Noyabr 2010 Cümə Axşamı 01:05
Sergey Prixodko: “Xəzərin statusu ilə bağlı konvensiya üzərində iş bu sammitdə yekunlaşmayacaq”
Bu gün Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti keçiriləcək. Görüşdə Xəzər dənizinin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. Onun sözlərinə görə, “Xəzər beşliyi”nin bu günkü görüşü regional əməşdaşlıqda əsas məsələlərlə bağlı danışıqlara əhəmiyyətli impuls verməlidir. Bu, ilk növbədə Xəzərin yeni hüquqi statusu, eləcə də neft-qaz yataqlarının işlənməsi və karbohidrogen ehtiyatlarının nəqli, maliyyə və sərmayə, ticarət, nəqliyyat, bioresurslardan istifadə, ətraf mühitin mühafizəsi kimi sahələrdə daha sıx əməkdaşlıq məsələlərinə aiddir.

Kremldə bildirirlər ki, sammitin gündəliyinə Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı vəziyyəti, iqtisadiyyat, nəqliyyat, kommunikasiya sahəsində əməkdaşlıq məsələləri daxildir: “Biz ilk eövbədə balıqçılıq, gəmiçilik, Xəzər, Azov və Qara dəniz hövzələrinin su nəqliyyatı ilə birləşməsi və Xəzər iqtisadi əməkdaşlığı təşkalatlarının fəaliyyətini nəzərdə tuturuq. Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XİƏT) yaradılması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə bağlı fəal irəliləyişə nail olmaq niyyətindəyik” - deyə Rusiya prezidentinin köməkçisi bildirib. O qeyd edib ki, Xəzər sammitinin əsas vəzifəsi Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya üzərində işdir və o, bu görüşdə başa yekunlaşmayacaq.

Sergey Prixodkonun sözlərinə görə, Rusiyanın yaxın qonşuları - Azərbaycan və Qazaxıstanla Xəzər dənizinin statusu sahəsində böyük mənada heç bir problem yoxdur. Ölkələr akvatoriyanın delimitasiyasını həyata keçiriliblər, ətraf mühitin mühafizəsi sahəsində uğurlu əməkdaşlıq edirlər.

Sammitin yekununda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri birgə bəyanat qəbul etməli, təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı saziş imzalamalıdırlar. Saziş güc strukturlarının birgə fəaliyyəti üçün istiqaməti müəyyənləşdirməlidir.

Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci zirvə toplantısı isə 2007-ci ildə Tehranda keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar