Bu gündən Bakının mərkəzi küçələri bağlanır
19 May 2012 Şənbə 00:29
Nəqliyyatın hərəkəti üçün məhdudiyyətlər mayın 28-dək davam edəcək.
Bu gündən “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakının əsas mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-dək avtomobillər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə buraxılmayacaq. Maşınlar kənarkeçmə yolu istiqaməti ilə Bakıya daxil ola biləcəklər.

K.Əliyev bildirib ki, həmçinin 20-ci Sahədən Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Həmin ərazidə avtomobillərin hərəkəti 20-ci Sahə dairəsindən Badamdar qəsəbəsinə istiqamətləndiriləcək.

Bundan əlavə, Bayıl qəsəbəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Burada avtomobillər Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə Dağüstü Park yolu ilə Parlament prospekti istiqamətinə yönəldiləcək.

Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Eyni zamanda, Niyazi küçəsindən Neftçilər prospektinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, burada avtomobillərin hərəkəti Niyazi küçəsindən sola - İstiqlaliyyət küçəsinə yönəldiləcək.

İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Eyni zamanda, Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Yusif Səfərov, Afiyəddin Cəlilov küçəsinin kəsişmələrindən Üzeyir Hacıbəyov küçəsinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə nəqliyyatın hərəkəti Təbriz küçəsinə yönəldiləcək.

“Eurovision-2012” müsabiqəsində tədbir iştirakçılarının daşınması üçün paytaxtda 5 məntəqə yaradılıb - Səməd Vurğun parkının yanında, Azadlıq meydanında, Muzey Mərkəzinin yanında, Azneft meydanında, “Dalğa Plaza”nın yanında yaradılan məntəqələrdə avtobuslar tədbir iştirakçılarını daşıyacaq.

Tədbir yerinin yaxınlarında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq Respublika Yol Polisi vətəndaşlara tövsiyə edir ki, “Eurovision-2012” müsabiqəsində iştirak etmək istəyənlər öz şəxsi maşınlarından yox, həmin məntəqələrdəki avtobusların xidmətindən istifadə etsinlər və ya yeni salınan Dənizkənar Bulvar ilə piyada getsinlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar