Bu gün Səngəçal-Qobustan mənzilində 10 kilometr yolun əsaslı təmiri başa çatır.
28 Fevral 2012 Çərşənbə Axşamı 10:36
Bakı-Böyük Kəsik dəmir yolunun daha 10 km-lik mənzilinin əsaslı təmiri bu gün başa çatacaq.
“Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, fevralın 14-də Səngəçal-Qobustan mənzilinin 484-475-ci kilometrində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri günaşırı olmaqla həyata keçirilib və bu gün 1300 metr yolun qoyuluşu ilə 10 km yolun əsaslı təmiri başa çatır.
Əsaslı təmir işlərinə səhər saatlarında başlanılıb və artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir. Günorta saatlarında 10 km yolun əsaslı təmiri başa çatacaq.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiyanın «İxrac» Bankı ayırdığı 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bütövlükdə indiyə kimi 61,5 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın «İxrac» Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
DOSTLARINLA PAYLAŞ: