Bu gün Moskvada növbəti toqquşma gözlənilir
18 Dekabr 2010 Şənbə 13:50
“Ostankino” telemərkəzi milisin xüsusi nəzarəti altına götürülüb
Bu gün Rusiyada etnik zəmində növbəti qarşıdurma yaşana bilər. Qeyri-rəsmi mənbələrdən verilən məlumata görə, radikal gənclər bu gün Bakı vaxtı ilə 16:00 radələrində Moskvada “Ostankino” telemərkəzinin yaxınlığına toplaşa bilərlər. Sosial şəbəkələr və bloqlarda yerləşdirilən məlumatlarda isə aqressiv gənclərin “Profsoyuznaya” metrosunun ətrafına toplaşacaqları bildirilir.
Bundan başqa, yayılan şayiələr arasında aktiv aksiyaları qafqazlıların təşkil etmək istədikləri haqda məlumatlar da var. Moskva milisi baş verə biləcək təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində xidmətini davam etdirir. Gənclərdən ibarət qruplar arasında toqquşma baş verəcəyi ehtimal edilən şəhər mərkəzi və şəhər ətrafı rayonlarda patrullar növbə çəkir. Metro və nəqliyyat xəttləri xüsusi olaraq nəzarətdə saxlanılır.
Xatırladaq ki, Moskvada gərgin vəziyyət dekabrın 11-də baş verən iğtişaşlardan sonra yaranıb. Həmin vaxt futbol fanatları və milliyətçilər Manej meydanına toplaşaraq “Spartak” klubunun azarkeşi Yeqor Sviridovu qətlə yetirməkdə şübhəli bilinən Kabardin-Balkar sakini olduğu ehtimal edilən şəxsin cəzalandırılmasını tələb ediblər.
DOSTLARINLA PAYLAŞ: