Bu gün Həmas və FƏTH sülh sazişi imzalayacaq
04 May 2011 Çərşənbə 14:10
Misir paytaxtı Qahirədə iki Fələstin hərəkatı rəsmi barışığa imza atacaq
Bu gün Misir paytaxtı Qahirədə radikal Fələstin hərəkatları olan HƏMAS və FƏTH arasında rəsmi sülh razılaşması imzalanacaq. Sənədi Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas və HƏMAS-ın lideri Xalid Maşaal imzalayacaqlar. Mərasimdə digər Fələstin qruplaşmalarının liderləri də iştirak edəcək. Bundan başqa, mərasimdə BMT-nin Yaxın Şərqdə sülh prosesinin nizamlanması üzrə xüsusi koordinatoru Robert Perrinin də iştirakı gözlənilir.

Dünən isə HƏMAS və FƏTH nümayəndələri barışıq haqda ilkin razılaşmanı imzalayıblar. Razılaşmaya əsasən, Fələstin Muxtariyyətində keçid dövrü hökuməti formalaşdırılacaq, bundan sonra 1 il ərzində muxtariyyətin prezidenti seçiləcək. Eyni zamanda, İordan çayının qərb sahilinə nəzarəti FƏTH, Qəzza zolağına nəzarəti isə HƏMAS qoruyub saxlayacaq.

Qeyd edək ki, razılaşma 1 il yarım davam edən danışıqlardan sonra əldə olunub. Vasitəçi olan Misirin yeni hökuməti isə həlledici rol oynayıb.

Bu arada, bir qrup İsrail diplomatı hökuməti Fələstin hərəkatları arasındakı sazişi dəstəkləməyə çağıran məruzə hazırlayıb. Sənəd İsrailin xarici işlər naziri Aviqdor Libermana təqdim edilib. Məruzə müəlliflərinin fikrincə, İsrail Fələstin tərəfinin addımını xoş qarşılayarsa, bu, Şərqi Qüdsdə yəhudi məskənlərinin inşasından dolayı korlanmış İsrail-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar