Bu gün Azərbaycan nə etməlidir?
21 Oktyabr 2009 Çərşənbə 10:40
Azərbaycana düşən prosesi dayandırmaq, münaqişələrin donunun açılmasını əngəlləmək deyil, Türkiyənin yanında olaraq öz xeyrimizə dəyişməkdir.
Azərbaycanda cəmiyyəti anti-Türkiyə əhvalında kökləmək istəyənlər üçün müvəqqəti də olsa mühit yaranıb və bundan iki dövlət arasında münasibətləri maksimum gərməyə doğru yararlanmaq istəyənlər mövcuddur. Çox təəssüf ki, indiki həssas məqamda türk dövlətlərinin arasını açmaq istəyən daxili və xarici şəbəkələrə bu fürsəti Türkiyədə verdilər. Futbol matçı ərəfəsində Azərbaycan bayrağına qarşı törədilən təxribatın ciddi bir hazırlığın nəticəsi olduğu ortadadır. İndi bizə düşən yanlışları yanlışla deyil, doğrularla reabilitə etməkdir. Bu yöndə Şəhidlər Xiyabanından Türkiyə bayraqlarının yığışdırılması türk hökumətinə adekvat cavab deyil, bizim bizə olunan əmanətə münasibətimizdir. Ona görə də əmanətə sadiqliyimizi göstərmək üçün ilk olaraq bayraqları layiq olduğu yerə qaytarmalıyıq. Bu, şəhidlərin ruhuna olan hörmətimizi və əmanətə sədaqətimizi gostərərdi.
Qlobal səviyyədə iki yeni kommunikasiya sisteminin yaradılması istiqamətində ABŞ, Rusiya və Avropa Birliyi arasında bir anlaşma mövcuddur. Bu proses içərisində səlahiyyətlər güclər arasında təsir dairələrinə bölünüb. Sarkisyanın Rusiyaya səfəri də yaxın gələcək üçün yol xəritəsini almaq xarakteri daşıyırdı. Türkiyənin baş naziri Ərdoğanın ABŞ-a çağırılması da bu qəbildəndir. Burada Türkiyə ilə Ermənistanı eyni statusda götürmək doğru olmazdı, çünki Türkiyə Qafqaz, Yaxın Şərq, Orta Asiya və Balkanlarda qlobal təhlükəsizlik planının əsas icraçısıdır. Könlü balıq istəyənin quyruğunun suda olmalı olduğunu anlayan Türkiyə problemlərin üzərinə getməklə böyük bir oyunun içində yer alıb. Artıq prosesin icra olunması üçün düymələrə basılıb. Türkiyə böyük dövlətdir, minillərlə oturuşmuş bəlli siyasətini yeritməkdə davam edəcəkdir. Bizə düşən prosesi dayandırmaq, münaqişələrin donunun açılmasını əngəlləmək deyil, Türkiyənin yanında olaraq öz xeyrimizə dəyişməkdir. Fakt budur ki, buz yerindən tərpənib və böyük bir prosesin tərkib hissəsi kimi bizim regiondakı münaqişələri də həll etmək istəyirlər. Burada Türkiyəyə dəstək verməklə onun prosesdən güclü çıxmasına yardımçı olmaqla Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə də şərait yaratmış oluruq. Ona görə də heç bir umu-küsü olmadan Türkiyə iqtidarı da daxil olmaqla bütün siyasi çevrələri ilə birgə koordinasiyalı şəkildə daimi fəaliyyət göstərən ortaq bir qurum-Məsləhət Şurası yaradılması məqsədəuyğun olardı. Məhz bu cür sistemli yanaşma gələcək yanlışlıqlardan qaçmağa imkan verərdi.

Natiq Miri ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar