Bu gün AMEA-nın bəzi bölmələri üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlanıb.
21 Dekabr 2011 Çərşənbə 13:16
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Fizika-riyaziyyat və texnika elmləri bölməsi, Yer elmləri bölməsi, Kimya elmlər bölməsi və Biologiya elmləri bölməsinin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib.
A. Həşimovun sözlərinə görə, AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında sözügedən bölmələr üzrə 91 nəfərin doktoranturaya qəbul olunduğu elan edilib: “Bundan əlavə, həmin bölmələr üzrə əlavə yerlərin ayrılması üçün Rəyasət Heyətinə müraciət edilib. Rəyasət Heyəti əlavə yerlərin verilməsi ilə bağlı Azərbaycan Nazirlər Kabineti qarşısında vəsatət qaldırdığına görə həmin təkliflər qəbul edildi, yaxın günlərdə bu təkliflərə baxılaraq təsdiq ediləcək. Hələlik nə qədər əlavə yerin istənilməsi məlum deyil”.
A. Həşimov qeyd edib ki, bəzi ixtisaslar üzrə müsabiqə vəziyyəti az, bəzi ixtisaslar üzrə isə çox olub: “Elə yerlər var idi ki, orada müsabiqədə yalnız bir nəfər iştirak edirdi. Həmin yerə bütün imtahanlardan 4 qiyməti alıb, 12 bal toplayan namizəd də qəbul edilib. Lakin elə ixtisaslar var ki, hətta 15 bal toplayan namizədlər də kənarda qalıb. Əlavə plan yerləri ayrılandan sonra həmin şəxsləri də yerləşdirəcəyik”.
I vitse-prezident deyib ki, doktoranturada təhsil yanvarın 1-dən başlayacaq. Bu il AMEA üçün doktoranturaya ayrılan plan yerlərinin sayı 215 nəfərdir.
Bundan əlavə, iclasda dissertanturada xarici vətəndaşlar üçün nəzərdə tutulan və boş qalan ödənişli yerlərin ödənişsiz yerlərlə əvəz olunması qərara alınıb və AMEA-nın institutlarına həmin yerlərə Azərbaycan vətəndaşı olan uyğun namizədlərin qəbul edilməsi icazəsi verilib.
DOSTLARINLA PAYLAŞ: