Britaniyalı parlamentar haqqında gerçəklər
06 Oktyabr 2011 Cümə Axşamı 13:48
Son günlər Azərbaycan dünyanın nəhəng media quruluşlarının diqqətindədir. Ölkənin adını müxtəlif məsələlərdə gündəmə gətirən transmilli medianın yazdıqları fərqli interpretasiyalarda yerli mətbuatda da əksini tapır.
BBC telekanalının AİBA və Azərbaycan Boks Federasiyası ilə bağlı yaydığı məlumatlar hələ də dünya mətbuatının gündəmindədir.
“Guardian” qəzeti isə britaniyalı parlamentar Mark Fildin İngiltərədəki Azərbaycan diaspor təşkilatı olan Avropa Azərbaycan Cəmiyyətindən maliyyələşməsi ilə bağlı məlumat yayıb. Maliyyələşmənin forması haqqında məlumat verilməsə də, Mark Fildin Britaniya parlamentinin kəşfiyyat komissiyasının üzvü olduğu yazılıb. Amma o yazılmayıb ki, Mark Fild 2010-cu ildən etibarən həm də Böyük Britaniya-Azərbaycan dostluq qrupunun sədridir. Parlamentin Azərbaycan dostluq qrupunun sədri olan şəxsin Azərbaycana səfər etməsində, bu ölkənin Britaniyadakı diasporunun tədbirlərinə qatılıb, çıxış eləməsində heç bir qeyri-adilik yoxdu. Əksinə, 2010-cu ilə kimi Britaniya-Azərbaycan dostluq qrupunun sədri olmuş Brüss Corcun ümumiyyətlə bir dəfə də Azərbaycana səfər etməməsi, bu ölkə ilə bağlı parlamentdə heç vaxt danışmaması anormal idi.
Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti indiyə qədər iki dəfə Azərbaycana səfər edib və ən yüksək səviyyədə görüşlər keçirib. Bu səfərlərin texniki təşkilatçısının Avropa Azərbaycan Cəmiyyəti olduğu isə həmin vaxt işıqlandırılan xəbərlərdə qeyd olunub. M. Fildin rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə 2010-cu ilin iyulunda Azərbaycana səfər edib. Həmin səfər zamanı o, APA-ya müsahibə də verib (http://az.apa.az/news.php?id=192885).
Mark Fildin başçılıq etdiyi heyətin Azərbaycana sonuncu səfəri isə bu il mayın 26-da başlayıb. Səfər rəsmi xarakter daşıyıb. Həmin səfər də digər media orqanları kimi APA-da da işıqlandırılıb (http://az.apa.az/news.php?id=224147). Mayın 26-dan 30-a qədər davam edən səfər çərçivəsində Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti cəbhəyanı bölgədə səfərdə olub, azərbaycanlı məcburi köçkünlərlə görüşüb. (http://az.apa.az/news.php?id=224144 ) O görüşdən sonra jurnalistlərə açıqlama verən Mark Fild deyib: “Biz burada, Azərbaycanın çox gözəl məkanında insanların qaldırdığı haqlı və ədalətli problemləri dinlədik. İstəyirik ki, bu 20 illik münaqişə həllini tapsın, insanların, xüsusilə uşaqların firavan və xoşbəxt gələcəkləri olsun”.

Öz anasının da 15 yaşlarında iki dəfə qaçqınlıq həyatı yaşadığını, qaçqınlığın insanlara vurduğu mənəvi zərbənin mahiyyətini yaxşı bildiyini deyən ingiltərəli deputat insanların dinc qonşuluq şəraitində yaşamasını arzuladığını ifadə edib. Anasının 80 yaşında öz doğma yurd-yuvasını görmədən həyatdan köçməsinin indi də onu ağrıtdığını deyən parlamentar bildirib ki, Azərbaycanda gördüklərini, eşitdiklərini Böyük Britaniya ictimaiyyətinə olduğu kimi çatdıracaq.

Mark Fildlə birlikdə Azərbaycana gələn, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, lord Con Kuluni isə deyib ki, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlarla yaxından tanışdır: “Mən ilk dəfə azərbaycanlılar qaçqın-köçkün düşəndə burda olmuşam. O vaxtlar insanların üzləşdiyi çətinliklərin şahidiyəm. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Britaniya parlamentində dəfələrlə Azərbaycanın lehinə çıxışlar etmişəm.”

Ölkəsində ermənilərin çox az dəstəyə malik olduğunu deyən lord Kuluni soyqırım məsələsində də Böyük Britaniyanın türklərin yanında olduğunu, ermənilərin bu iddialarının ölkəsi tərəfindən dəstəklənmədiyini söyləyib.

Qarabağ münaqişəsinin həllində İngiltərənin mövqeyinə gəlincə, britaniyalı diplomat belə deyib: “Biz belə düşünürük ki, Ermənistan bu münaqişənin həlli üçün cəhdlərini artırmağı başa düşməlidir. Ermənilər başa düşməlidirlər ki, Qarabağ münaqişəsinin həlli onlar üçün həm də böyük iqtisadi məsələlərin həlli deməkdir, ermənilər özlərini bundan məhrum edirlər”.
Bu bəyanat təkcə Qarabağla yekunlaşmayıb. Nümayəndə heyəti geri döndükdən sonra Britaniya parlamenti üçün hesabat hazırlanıb, sənədlər və şəkillər parlamentarlara paylanıb, debat təşkil olunub, parlamentarlar Qarabağda gördüklərini anladıblar: “İndi dünyanın hansı çağıdır ki, bir ölkənin torpağı işğal olunur və biz susuruq” deyə sual ediblər.
Mark Fildin başçılıq etdiyi nümayəndə heyətini prezident İlham Əliyev, parlament sədri Oqtay Əsədov qəbul edib. Bu heyət Azərbaycan-İngiltərə dostluq qrupunun üzvləri ilə görüş keçirib və bütün bu xəbərlər müvafiq qurumların saytlarında yerləşdirilib, hər bir xəbərdə səfər təşkilatçısının AAC olduğu vurğulanıb. Eyni zamanda parlamentarlar öz saytlarında bu barədə məlumatlar yerləşdiriblər.
Ümumiyyətlə, indiyə qədər AAC-nin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Britaniya parlamentinin üzvlərinin ölkəmizə 3 səfəri təşkil edilib. Hazırda Britaniyadakı partiyalarda Azərbaycan dostluq qruplarının yaradılması ilə bağlı iş aparılır.
Əlbəttə ki, bu bəyanatların, səfərlərin, reallıqları öz gözü ilə görən parlamentarların Böyük Britaniya parlamentindəki çıxışları, təşkil etdiyi debatlar, indiyə qədərki sükutun pozulması erməni diasporunu narahat etməyə bilməz. Azərbaycan problemlərinin kiçik qruplu küçə yürüşlərindən parlament tribunalarına daşınmasına işğalçıların diaspor təmsilçilərinin biganə qalacağını, adekvat addımların atılmayacağını gözləmək sadəlövhlük olardı. Bir neçə il öncə ümumiyyətlə adı çəkilməyən Xocalı faciəsi ilə bağlı indi Britaniya parlamentində yayılan sənədə 40-dan artıq parlamentarın imza atmasının erməniləri qıcıqlandırmamasını gözləmirik.
Sual başqadı: Bəs bizimkilər niyə sifarişinin haradan gəldiyi bəlli olan bu materialları nöqtəsinə-vergülünə toxunmadan yayırlar? Axı müasir informasiya əsrində axtarış sistemlərinə “Mark Fild” və ya “AAC” yazmaq çətin deyil. Axı söhbət konkret şəxslərdən yox, ölkənin marağından, başımız üstündə bayraq elədiyimiz Dağlıq Qarabağ problemindən gedir...
APA-Analitik APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar