Britaniyalı parlamentar: Ermənistan tərəfindən işğal edilən ərazilər azad olunmalıdır
23 İyul 2012 Bazar Ertəsi 13:36
Kristofer Pinçer: Dağlıq Qarabağ müstəqil ərazi vahidi kimi mövcud deyil, ona görə də hər hansı şəffaf və həqiqi seçki keçirə bilməz.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Kristofer Pinçerin APA-ya müsahibəsi

- Azərbaycana səfəriniz necə keçdi? Səfər zamanı hansı məsələlər müzakirə olundu?

- Biz Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri olaraq Azərbaycanda çox maraqlı görüşlər keçirdik. Üç gün ərzində Bakıda və Qəbələdə olduq, Britaniya səfiri, Azərbaycanın xarici işlər naziri, Neft Fondunun icraçı direktoru ilə görüşlər keçirdik, ATƏT-in Bakı ofisi və Avropa Birliyinin nümayəndəliyini ziyarət etdik.

Qəbələdə piano zavodunda, “Jalə” şirələri istehsal edən müəssisədə, Olimpiya İdman Mərkəzində olduq. Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunan səfər qrafiki çox sıx idi və detallara böyük diqqət yetirilmişdi.

Azərbaycan çox xoşuma gəldi. Çox müasir və tolerant, hətta mən deyərdim ki, pozitiv mənada unikal cəmiyyətiniz var. Səfər zamanı biz kilsə və yəhudi sinaqoquna da getdik. Bu, Azərbaycanda bütün dinlərə və dini icmalara hörmət olduğunun göstəricisidir.

Görüşlərdə biz müxtəlif regional məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə toxunduq. Qəbələdə məcburi köçkün düşərgəsinə baş çəkdik. Münaqişə nəticəsində başqa yerə köçürülmüş insanlar öz evlərinə qayıtmalı və buna imkan yaradılmalıdır. Ermənistan tərəfindən işğal edilən ərazilər isə azad olunmalıdır.

- Siz Dağlıq Qarabağ münaqişəsinə toxundunuz. İyulun 19-da həmin ərazidə keçirilən “seçki”yə münasibətiniz necədir?

- Dağlıq Qarabağ müstəqil ərazi vahidi kimi mövcud deyil. Ona görə də hər hansı şəffaf və həqiqi seçki keçirə bilməz. Əgər orada yaşayan insanlar zorla başqa yerə köçürülübsə bu, əsl seçki sayıla bilməz.

- Son vaxtlar Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində və tərəflər arasında etimadın qurulması prosesində daha fəal rol oynamaq arzusunu dəfələrlə bildirib. Böyük Britaniya bu prosesə necə dəstək ola bilər?

- Böyük Britaniya ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Lakin Britaniya parlamenti və hökuməti bütün beynəlxalq təşkilatlara və Ermənistana münaqişə nəticəsində evlərindən köçürülmüş insanların hüquqlarını dəstəklədiyini çatdıra bilər.

- Britaniyanın adi vətəndaşları bu münaqişədən nə qədər məlumatlıdır?

- Son vaxtlar TEAS-ın fəaliyyəti nəticəsində məlumatlılıq artır. Lakin qeyd etməliyəm ki, güclü diasporaya malik olan Ermənistan bütün dünyada öz mövqeyini çatdırmaq üçün iş aparır. Azərbaycan da Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqeyini və öz hüquqlarını fəal şəkildə təbliğ etməlidir. Çünki Britaniya ictimaiyyəti bu məsələ ilə bağlı hələ də dumanlı təsəvvürə malikdir.

- Azərbaycanla Britaniya arasında parlamentlərarası əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, parlamentlər arasında dostluq qrupu mövcuddur. Azərbaycana gəlib-getdiyimiz son 3-4 ildə azərbaycanlı parlamentarlar tərəfindən həmişə çox isti qarşılanırıq. Biz ümid edirik ki, Milli Məclisdən olan həmkarlarımız da yaxın 1 il müddətində Londona səfər edəcəklər və biz görüşərək bundan sonrakı əməkdaşlığı müzakirə edəcəyik. Britaniyalı parlamentarlar TEAS tərəfindən təşkil olunan debatlara da qatılırlar.

Britaniyada başqa ölkələrin şəhərləri ilə qardaşlaşan və münasibət quran şəhərlər sar. Bu ənənə xüsusən təhsil sahəsində çox yaxşı imkanlar açır, çünki məktəblilərin qarşılıqlı səfərləri təşkil olunur. Qəbələyə səfərimin nəticələri əsasında mən Qəbələ ilə doğma şəhərim Temvortun (Tamworth) qardaşlaşması təklifini irəli sürmək istəyirəm. Qərarı əlbəttə ki, mən yox, şəhər meri və yerli şura verəcək.

- Enerji sahəsi iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biridir. Siz Azərbaycanla Britaniya arasında digər sahələrdə əməkdaşlığın perspektivlərini necə görürsünüz?

- Enerji məsələsi Britaniya üçün çox vacibdir. Əmin olmaq zəruridir ki, biz etibarlı enerji təchizatına sahibik və onu diversifikasiya etmişik. Bu məsələ Rusiyadan enerji asılılığı olan Şərqi Avropa ölkələri üçün daha önəmlidir və onlar enerji təchizatını diversifikasiya etməlidir. Biz Azərbaycanın Avropaya qaz nəql edən boru kəmərlərinin sayının artırılması yönündə siyasətini dəstəkləyirik. Biz Azərbaycanda çox maraqlıyıq. BP-nin Azərbaycanda 5 mindən çox işçisi var. Ölkələrimiz arasında enerji sahəsində çox yaxşı əməkdaşlıq qurulub. Lakin hesab edirəm ki, Azərbaycan üçün başqa sahələri də inkişaf etdirmək vacibdir. Britaniya Azərbaycana bu sahələrdə dəstək verməyə hazırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar