Brayza Soçi görüşünün nəticələrini şərh edib
19 Mart 2011 Şənbə 00:13
“ABŞ sülh prosesinin dəstəklənməsi üçün əlindən gələni edəcək”
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün artıq çox şey edib və münaqişə tərəflərinin Soçidə əldə etdikləri irəliləyişin dəstəklənməsi üçün əlindən gələni edəcək”. ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Trend-ə müsahibəsində deyib.”Bakıya gəlmək üçün Vaşinqtonu tərk etməzdən əvvəl mənim Prezident Obama və dövlət katibi Klintonla ikitərəfli münasibətlər kontekstində Minsk prosesini müzakirə etmək imkanım olub. Mən şahidi oldum ki, Vaşinqton tərəflərin razılığa gəlməsi üçün əlindən gələn hər şeyi etməyə çalışır”, - deyə səfir bildirib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması marağını bölüşür.
Metyu Brayzanın sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin dinc yolla nizamlanmaya sadiqliyi sübüt edən və qoşunların təmas xəttində insidentlərin ATƏT tərəfindən araşdırılması bəndinin olduğu bəyanatları çox böyük uğurdur: “Dünən baş tutan hərbi əsirlərin mübadiləsi də çox mühümdür”.
“Prezident Medvedevin Soçidə mövqeyi çox konstruktiv olub və Minsk qrupu həmsədrlərinin dedikləri kimi, bu görüşdə tərəflər irəliləyişə nail ola biliblər”, - deyən səfir bildirib ki, ABŞ ilk növbədə bu prosesin dəstəklənməsi üçün əlindən gələni edəcək: “ATƏT-in Minsk qrupunun həmsədri kimi biz münaqişə tərəflərinə Soçidə əldə edilən bu sülh sazişinin həyata keçirilməsi üçün kömək etməyi özümüzə borc bilirik”.
Səfirin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri çox mühüm iş görürlər: “Səfir kimi mənim işim ondan ibarətdir ki, dostum və həmkarım, gözəl diplomat səfir Robert Bradtkeyə və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə dəstək vermək və kömək etmək üçün əlimdən gələni edim”.
DOSTLARINLA PAYLAŞ: