BQXK nümayəndələri Azərbaycana keçmiş erməni ailəsi ilə görüşüblər
01 İyun 2010 Çərşənbə Axşamı 13:30
Onlarla kənar adamların iştirakı olmadan söhbət aparılıb.
Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları bu ilin əvvəlində Azərbaycan ərazisinə keçmiş erməni ailəsinə baş çəkiblər. Komitənin Bakı nümayəndəliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 31-də bu ailənin saxlanma şəraiti ilə bağlı monitorinq keçirilib və kənar adamların iştirakı olmadan onlarla söhbət aparılıb. Ailənin qohumları üçün yazdığı məktub qəbul olunub.
2010-cu il yanvarın 10-da Yeqişe Gevorkyan həyat yoldaşı və üç uşağı ilə birlikdə öz avtomobilində Yerasx-Naxçıvan sərhədini keçərək Azərbaycan tərəfinə gəlib və sığınacaq istəyib.
Ermənistan tərəfi Gevorkyanın ağır cinayətlərə görə 8 dəfə məhkum olunduğunu və cəzadan gizlənməyə çalışdığını bildirir.
Azərbaycana keçən Gevorkyan bildirib ki, dözülməz həyat şəraiti onu Ermənistanı tərk etməyə məcbur edib. O, üçüncü ölkəyə göndərilməsini xahiş edib.
Bu ailənin gələcək taleyi qaranlıq qalır və çox güman ki, bu, onun haradasa sığınacaq alıb-almayacağından asılı olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: