BQXK-nın Mübariz İbrahimovla bağlı müraciətinə İrəvandan cavab gəlib
14 İyul 2010 Çərşənbə 21:40
BQXK-nın Mübariz İbrahimovla bağlı müraciətinə İrəvandan cavab gəlib. Müraciətin mətni məxfi saxlanılır.
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan tərəfində qalan Azərbaycan hərbçisi Mübariz İbrahimovun meyitinin təhvil verilməsi ilə bağlı rəsmi İrəvana ünvanladığı müraciətə cavab alıb. Komitənin Azərbaycan nümayəndəliyinin beynəlxalq hüquq yayımı şöbəsinin müdiri İlahə Hüseynova ANS-ə açıqlamasında bildirib ki, artıq bu barədə Mübariz İbrahimovun ailəsinə və Müdafiə Nazirliyinə məlumat verilib. Müraciətin mətninə gəldikdə isə bu məxfi saxlanılır. İndi şəhid ailəsinin və yaxınlarının yeganə istəyi Mübariz İbrahimovun meyitinin qaytarılmasıdır.

Mübariz İbrahimovun anası Şamama Əmirova belə bir oğlu olduğu üçün fəxr etdiyini deyib: "26 gündür gözümüz yoldadır, kimdir bununla məşğul olanlar? Uşağımı istəyirəm, meyitini gətirib çıxarsınlar. Kafirlərin əlindən, ermənilərin əlindən alsınlar”.

Şəhidin dayısı Yaqub Əmirov isə bildirib ki, Mübariz Vətəni, dövləti olduqca çox sevirdi. “Mən bilirəm dövlət çalışır. Mübarizin cənazəsi qaytarılıb kəndində dəfn olunsa, anası üçün təsəlli olar, ağlamaz da. Elə bir oğulun anası özü qəhrəmandır”,- deyə Yaqub Əmirov bildirib.

Hər an ölümlə üz-üzə cəbhə xəttində qarşı tərəfin həmləsini dəf edən Milli Ordumuzun hərbçisi Mübariz İbrahimov ölümündən əvvəl ailəsinə məktub da yazıbmış. Həmin məktubu şəhidin hərbçi yoldaşları ailəsinə verib. “Canım atam və anam! Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəm. Allah böyükdür. Vətən sağ olsun!”,- deyə Mübariz İbrahimovun məktubda deyilir.

Qeyd edək ki, şəhidin doğulduğu Biləsuvar rayonu indi başdan-ayağa qəhrəman övladının şəkilləri ilə doludur. Mübariz İbrahimovun şəkillərinə burada hər yerdə rast gəlmək olur. Küçə və dükanları, avtobusları, adi minik avtomobillərini qəhrəman Azərbaycan hərbçisinin şəkilləri bəzəyir. Biləsuvar gəncləri onunla bağlı müxtəlif qəhrəmanlıq çarxları da hazırlayıb. İndi bu çarxları Biləsuvarda bütün mobil telefonlarda tapmaq olar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov və Əsir, itgin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komitəsinin sədri Firudun Sadiqov isə bildirib ki, hazırda məsələ ilə Müdafiə Nazirliyi məşğuldur. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə ANS-ə açıqlamasında deyib ki, hələlik şəhid hərbçimizin meyitinin qaytarılması ilə bağlı rəsmi Bakının cəhdləri heç bir nəticə vermir. Səbəb isə beynəlxalq hüquq normalarına zidd olaraq İrəvanın qəddar qısasçılıq yolu seçməsidir. Buna baxmayaraq qəhrəman hərbçimizin meyitinin geri qaytarılması üçün bütün zəruri addımlar atılacaq.

Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar