BQXK: Biz çox şadıq ki, Ermənistan və Azərbaycan öhdəliklərini yerinə yetirdi
17 Mart 2011 Cümə Axşamı 16:00
“Biz çox şadıq ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində bu ölkələrin başçıları tərəfindən 2010-cu ilin oktyabr ayında Həştərxan görüşü zamanı götürdükləri və 2011-ci ilin mart ayında Soçidə bir daha təsdiq etdikləri öhdəlikləri yerinə yetirib”.
APA-nın məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvan nümayəndəliyinin başçısı Lorenzo Karaffi bu gün Ermənistanda əsirlikdə saxlanılan bir Azərbaycan hərbçisi və Azərbaycanda saxlanılan bir mülki erməni şəxsin qarşı tərəfə təhvil verilməsini şərh edərkən deyib: “Neytral vasitəçi kimi çıxış edərək və mandatımıza uyğun olaraq biz qaytarılma əməliyyatını Ermənistan və Azərbaycan hökumətlərinin xahişi əsasında yerinə yetirdik. Əməliyyatdan qabaq BQXK bir daha əmin oldu ki, sözügedən şəxslər öz azad istəklərinə uyğun olaraq qayıdırlar”, - deyə o bildirib.

BQXK nümayəndəsi deyib ki, bu gün Ermənistanda, İrəvanda saxlanılan azərbaycanlı hərbi qulluqçu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayədarlığı altında Azərbaycan hökumətinə qaytarılıb. Bu gün BQXK Azərbaycanda saxlanılan erməni mülki şəxsi də qaytarıb. Əməliyyat Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndində baş tutub. L. Karaffi deyib ki, qurumun nümayəndələri qaytarılan şəxslərin saxlanma şəraitini və onlarla rəftarı ətraflı öyrənmək məqsədilə əməliyyatdan qabaq bir neçə dəfə onlara baş çəkib: “Qaytarılan şəxslərdən biri qaytarılma əməliyyatından qabaq BQXK nümayəndələri ilə son görüş zamanı belə dedi: “Mən xoşbəxtəm ki, ailəmə qayıdıram və son dəfə gördüyüm vaxtdan yetərincə böyümüş oğlumu görməyə can atıram””.

L. Karrafi BQXK-nın, həmçinin, qaytarılan şəxslərin saxlanılması müddəti ərzində onların ailələri və qohumları arasında xəbərlərin çatdırılmasına imkan yaratdığını da söyləyib.

Qeyd edək ki, erməni əsirliyində olan çavuş Anar Hacıyev bu gün Azərbaycan, Azərbaycanda saxlanılan mülki şəxs Artur Badalyan isə Ermənistan tərəfə qaytarılıb.

Qeyd edək ki, Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar