Böyük Vətən Müharibəsinin başlanmasından 68 il ötür
22 İyun 2009 Bazar Ertəsi 01:45
İyunun 22-də faşist Almaniyasının Sovet İttifaqına hücum etməsi ilə II Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı

Bu gün Böyük Vətən müharibəsinin başlanmasının 68-ci ildönümü tamam olur. 1939-cu il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. İlk gündən alman qoşunlarının SSRİ sərhədlərinə yaxınlaşması ölkənin qərb istiqamətində mövqeyini möhkəmlətməyi tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla qərb sərhədləri bir qədər möhkəmləndirildi.
Hitler 1940-cı ilin iyulunda SSRİ-yə qarşı müharibənin qaçılmaz olması və müddəti barədə demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti - 1941-ci ilin yazı!”
Bundan sonra “Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi.
İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. SSRİ-nin müharibəyə girməsi ilə II Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.
Sovet adamları son dərəcə çətin və məsul vəzifəni - faşizm blokuna daxil olan ölkələrin hücumunun qarşısını almaq və onu darmadağın etmək vəzifəsini yerinə yetirməli idilər. Həmçinin Avropa ölkələrinə faşizm əsarətindən xilas olmaqda, habelə dünya sivilizasiyasını faşizm təhlükəsindən qurtarmaqda yardım etməli idilər.
Qeyd etsək ki, faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusilə Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcək. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdı ki, “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”.
Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.
1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib.
Faşizm üzərində qələbə xalqın qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. II Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olub.Həlak olan azərbaycanlıların sayı 300 mindən çoxdur ki, bu da müharibədə böyük mənfəət əldə edən ABŞ kimi ölkənin itkisindən artıqdır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar