Böyük Britaniyanın Azərbaycandakı səfiri İctimai Televiziya və Radio Yayımları Şirkətində olub
16 Dekabr 2011 Cümə 19:56
Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Piter Beytman İctimai Televiziya və Radio Yayımları Şirkətində olub.
İTV-dən APA-ya verilən xəbərə görə, tanışlıq xarakteri daşıyan görüşdə qonaq teleradionun yaranması, texniki və yaradıcı potensialı, beynəlxalq əlaqələri haqqında ətraflı məlumatlandırılıb.

İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov bildirib ki, 24 saat fasiləsiz yayımlanan televiziya milli kanal kimi reytinq axtarışından uzaq, informasiya və maarifləndirməni ana xətt kimi qəbul etməklə, cəmiyyətdə birlik və harmoniya yaratmağı qarşıya məqsəd qoyub. O deyib ki, 6 il öncə fəaliyyətə başlayarkən Böyük Britaniyanın BBC korporasiyasının təcrübəsindən də faydalanılıb və bu, şirkətin işinin qurulmasında əhəmiyyətli rol oynayıb. Bununla yanaşı, “British Council” ilə “A-dan Z-yə” adlı birgə layihə hazırlanır və bu, gənclərin ingilis dilini mənimsəməsinə yaxşı töhfədir. Hazırda İctimai Televiziya Avropa Yayım Birliyinin Azərbaycandan olan yeganə üzvü və “Eurovision” Mahnı Müsabiqəsinin ölkə üzrə təşkilatçı-yayımçısıdır. Baş direktor 2012-ci ildə Bakıda təşkil olunacaq müsabiqəyə hazırlıqların uğurla davam etdiyini diqqətə çatdırıb.

Göstərilən xoş münasibətə və diqqətə görə minnətdarlıq edən səfir Piter Beytman Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində olduğunu, xüsusilə iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini söyləyib. O, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeydi-daimi üzv seçilməsi və "Eurovision-2012"yə ev sahibliyi etməsini önəmli hadisələr kimi qiymətləndirib. Diplomat İctimai Teleradionun fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, şirkətin yaradıcı və texniki imkanlarının onda xoş təəssürat yaratdığını qeyd edib. “Eurovision-2012” hazırlıqları ilə maraqlanan qonaq İctimai Teleradionun studiyaları ilə də tanış olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar