Böyük Bakının inkişaf planı imzalanmağa yaxınlaşır
25 Dekabr 2011 Bazar 11:56
Layihə təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2030-cu ilə qədər Böyük Bakının inkişaf planı layihəsinin hazırlanması çərçivəsində dördüncü məsləhətçini cəlb edir. Bu barədə şənbə günü "Trend"ə komitə sədrinin müavini Dövlətxan Dövlətxanov deyib.
"Layihə üzərində iş başlayıb, ancaq dördüncü məsləhətçinin cəlb edilməsi işi qalıb. O, strateji və ekoloji qiymətləndirməni aparacaq. Biz indi bu məsləhətçi ilə müqavilənin imzalanmasını gözləyirik, bundan sonra layihə üzərində iş tam sürətlə aparılacaq", - Dövlətxanov bildirib.

Onun sözlərinə görə, dörd əsas məsləhətçidən üçü ilə müqavilə imzalanıb. Bu, çıxış bazasının planlaşdırılması, təşkil edilməsi ilə məşğul olan məsləhətçilər və iqtisadçıdır. Bütün bu istiqamətlər üzrə artıq işlər aparılır.

“Böyük Bakının inkişaf planının hazırlanması üzrə bütün məsləhət xidməti paketinə 5 milyon dollar ayrılıb, ondan 4 milyon dollar Dünya Bankından, təxminən 1 milyon dollar isə ölkə hökuməti tərəfindən verilib. Artıq müqavilə bağlayan məsləhətçilərin xidmətinin dəyəri ümumilikdə təxminən 450 min dollar təşkil edir. Məsələnin maliyyə tərəfi hələlik danışılmayan son mütəxəssisin xidmətinin maksimum dəyəri 600 min dollar təşkil edir, lakin biz düşünürük ki, bu, ən azı, yarıya qədər aşağı olacaq”, - Dövlətxanov qeyd edib.

Onun sözlərinə görə, Dövlət Layihə İnstitutu ilə 1,4 milyon manat (1,8 milyon dollar) dəyərində müqavilə bağlanıb. Dövlətxanov deyib ki, komitə müvafiq strukturlarla razılaşdırılması üçün planın ilkin layihəsinin hazırlanması üzrə işləri gələn ilin ortalarına qədər başa çatdırmağı planlaşdırır.

“Biz gələn ilin ortalarına qədər Böyük Bakının inkişafının əsas konsepsiyasını müəyyənləşdirəcəyik, bundan sonra layihənin razılaşdırılmasına başlanacaq. Gələn ilin sonuna qədər isə biz layihəni təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edəcəyik”, - komitə rəsmisi bildirib.

Onun sözlərinə görə, planın razılaşdırılması və təsdiqi 2013-cü ilə gözlənilir.

"Biz Böyük Bakı deyəndə Bakının 11 rayonunu, Sumqayıt və Xırdalanla birlikdə Abşeron rayonunu nəzərdə tuturuq. Bu, təxminən 250 min hektar ərazi deməkdir, halbuki 10 milyon əhalisi olan Moskva 106 min hektar ərazidə yerləşir", - Dövlətxanov vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar