Boris Tadiç: "Azərbaycan Serbiyanın mühüm tərəfdaşıdır"
08 İyun 2011 Çərşənbə 20:15
Serbiya və Azərbaycan prezidentləri qarşılıqlı münasibətlərin inkişaf perspektivini müzakirə edib.
Prezidentlərin təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Serbiya prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin mühüm tərəfdaşı adlandırıb. O bildirib ki, ölkələrimizin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdəki əlaqələrin möhkəmləndirməsi vacibdir. Serbiya prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha öz dövlətinin mövqeyini bəyan edib.

Prezident Boris Tadiç vurğulayıb ki, ölkəsi Azərbaycan şirkətlərinin Serbiyanın nəqliyyat infrastrukturunda və digər sahələrdə iştirakında maraqlıdır. Bu, kənd təsərrüfatı sahəsinə də aid edilə bilər. Serbiya Azərbaycanın nəqliyyat-tranzit imkanlarından istifadə etməkdə də maraqlıdır.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan–Serbiya əlaqələri sürətlə inkişaf edir. “Bu cür görüşlər müxtəlif layihələrin müzakirəsi baxımından vacibdir. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivləri var” deyən dpvlət başçısı Kosovo problemi ilə bağlı Azərbaycanın mövqeyini bir daha Serbiya prezidentinin diqqətinə çatdırıb.

Azərbaycan prezidenti İlham Əliyev ümidvar olduğunu bildirdi ki, hökumətlərarası komissiyanın fəaliyyəti əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar