BMT-yə Azərbaycana dair yeni qətnamə layihəsi təqdim edilib
07 İyul 2010 Çərşənbə 10:25
Layihə “Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq humanitar qanun və beynəlxalq insan hüquqlarına riayət edilməsi” adlanır.
BMT Baş Assambleyanın cari - 64-cü sessiyasına Azərbaycana dair yeni qətnamə layihəsi təqdim edilib. Bu barədə APA-ya BMT qərargahından məlumat verilib. “Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq humanitar qanun və beynəlxalq insan hüquqlarına riayət edilməsi” adlanan sənəd 10 bənddən ibarətdir.
Layihə Haaqa Konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Silahlı Toqquşma Hallarında Mədəni Mülkiyyətin Müdafiəsi üçün Razılaşma, Baş Assambleyanın “Azərbaycandakı qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım” adlı 20 dekabr 1993-cü il tarixli 48/114 saylı, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” başlıqlı 7 sentyabr 2006-cı il tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı qətnamələri, Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri, ATƏT-in Minsk Qrupunun məruzəsi və həmsədr ölkələrin prezidentlərinin Kanadadakı bəyanatı kimi akt və sənədləri yenidən təsdiq edir, xatırladır və nəzərə alır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: