BMT TŞ-da Azərbaycan və Ermənistan səfirləri arasında mübahisə yaranıb
25 Fevral 2012 Şənbə 15:12
Aqşin Mehdiyev: “Ermənistan nümayəndəsi insan haqları haqqında danışa biləcək ən axırıncı adam ola bilər”
BMT Təhlükəsizlik Şurasında qadın, sülh və təhlükəsizlik mövzusunda keçirilən debatlarda Azərbaycan və Ermənistan səfirləri arasında mübahisə yaranıb. APA-nın məlumatına görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev silahlı münaqişələr nəticəsində qadınlara qarşı zorakılığı pisləyib, vurğulayıb ki, bütün tərəflər beynəlxalq humanitar hüquq və insan haqları ilə bağlı öhdəliklərə əməl etməlidir.

Təhlükəsizlik Şurasının diqqətini Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə çəkən səfir xatırladıb ki, Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunan qətnamələrdə TŞ beynəlxalq humanitar hüququn pozulduğunu və dinc sakinlərə hücum olunduğunu qeyd edib.

O, əmin olduğunu bildirib ki, dövlət səviyyəsində, o cümlədən beynəlxalq çərçivədə görülən tədbirlər nəticəsində günahkarlar məsuliyyətə cəlb olunacaq.

A. Mehdiyev silahlı münaqişə nəticəsində qadınların əsir götürüldüyünü və itkin düşdüyünü də qeyd edib, xatırladıb ki, Qadınların Statusu üzrə Komissiyanın 54-cü sessiyası bu cür qadınları dərhal azad etməyə, bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirməyə səsləyib. “Cəzasızlıqla mübarizə aparmaq üçün də tədbirləri gücləndirmək lazımdır”, - deyə səfir vurğulayıb.

A. Mehdiyevin çıxışının ardınca Ermənistanın nümayəndəsi Qaren Nazaryan söz alaraq nümayəndələrdən birinin aidiyyəti olmayan məsələlər qaldırdığını bildirib, əlavə edib ki, ölkəsi müzakirə olunan məsələlərlə bağlı TŞ və əlaqədar qurumlarla əməkdaşlığa sadiqdir.

Buna cavab olaraq A. Mehdiyev qeyd edib ki, Ermənistanın nümayəndəsinin sözləri TŞ-ni çaşdırmaq məqsədi güdür. O bildirib ki, Ermənistan mütəmadi olaraq dinc sakinlərə, o cümlədən qadınlara və qızlara qarşı törətdiyi zorakılıq aktlarına haqq qazandırmağa çalışır: “Ermənistan nümayəndəsi beynəlxalq sənədləri diqqətlə oxusa, bu cür məsələlərlə bağlı söz almaz. Bu əməllərə görə işğalçı ölkə olan Ermənistanın məsuliyyət daşıdığı heç bir şübhə doğurmur”.

Ermənistan nümayəndəsi yenidən söz alaraq Dağlıq Qarabağla bağlı TŞ qətnamələrini öz maraqlarına uyğun tərzdə şərh edib: “Azərbaycanın Dağlıq Qarabağdakı hakimiyyətlə danışıqlardan imtina etməsi münaqişənin sülh yolu ilə həllində əsas maneədir”.

A. Mehdiyev yenidən söz alaraq qeyd edib ki, Ermənistan hökuməti qeyri-ermənilərin yaşadığı bütün əraziləri təmizləyib, ona görə də bu ölkənin nümayəndəsi insan haqları haqqında danışa biləcək ən axırıncı adam ola bilər. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayan səfir Ermənistanın mövqeyinin beynəlxalq sülh və təhlükəsizlik əleyhinə açıq çağırış və ciddi təhlükə olduğunu qeyd edib.

Ümumi müzakirənin nəticəsi olaraq, Təhlükəsizlik Şurası münaqişə və münaqişədən sonrakı dövrlərdə baş verən seksual zorakılıq halları, beynəlxalq humanitar hüquq və insan haqlarının pozulması ilə bağlı narahatlığını ifadə edib, bu cür əməllərə dərhal son qoymağa çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar