BMT Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə qəbulu ilə bağlı razılıq yoxdur
09 Noyabr 2011 Çərşənbə 02:30
Bu ölkənin müraciətinin lehinə cəmi 8 ölkənin səs verəcəyi gözlənilir.
BMT Təhlükəsizlik Şurasında Fələstinin müstəqil dövlət kimi BMT-yə qəbulu ilə bağlı razılıq yoxdur. Diplomatik mənbələrin məlumatına görə, konsensusun mövcud olmaması BMT Təhlükəsizlik Şurasına yeni üzvlərin qəbulu üzrə komitənin noyabrın 11-də təqdim olunacaq yekun hesabat layihəsində də əksini tapıb.
“Komitə Təhlükəsizlik Şurasına vahid təqdimat hazırlaya bilməyib”, - ötən gün Təhlükəsizilk Şurasının 15 üzvü arasında paylanan sənəddə bildirilir. BMT-nin nizamnaməsinə görə, yeni üzvlərin qəbulu Təhlükəsizilk Şurasının təqdimatı əsasında Baş Assambleya tərəfindəen həyata keçirilir.
Təhlükəsizlik Şurasının üzvləri üç qrupa bölünüblər. Birinci qrup Fələstinin BMT-yə üzvlüklə bağlı müraciətini dəstəkləyir, ikincilər bunun əleyhinə çıxır, üçüncü qrup isə bitərəf mövqedədir. Sənəddə ölkələrin adları çəkilməsə də, birinci qrupa Braziliya, Hindistan, Çin, Livan, Rusiya və Cənubi Afrikanın aid olduğu heç kimə sirr deyil. Fələstinin lehinə iki Afrika ölkəsi - Qabon və Nigeriyanın da səs verəcəyi ehtimal olunur.
İkinci qrupa ilk növbədə ABŞ-ın aid olduğu təbiidir. Bu ölkə dəfələrlə bəyan edib ki, Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnamənin qəbuluna imkan verməyəcək. Üçüncü qrupda isə digər üzvlər - Fransa, Böyük Britaniya, Kolumbiya, Bosniya və Hersoqovina, Almaniya və Portuqaliya var.
Beləliklə, əgər səsvermə baş tutsa, Fələstinin müraciətinin lehinə cəmi 8 ölkə səs verəcək. ABŞ isə sənədə veto qoymaya da bilər. Bu ölkə səsvermədə hətta bitərəf qalsa belə, Fələstinin BMT-yə qəbulu ilə bağlı təqdimat qətnaməsinin qəbulu baş tutmayacaq.
DOSTLARINLA PAYLAŞ: