BMT rəsmisi Andrey Abramov Umud Rəhimoğluna məktub ünvanlayıb
14 Dekabr 2011 Çərşənbə 13:26
Noyabr ayında Azərbaycanda işgüzar səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğluna məktub ünvanlayıb.
BAMF-ın informasiya departamentindən APA-ya verilən məlumata görə, A.Abramov Azərbaycana səfərinin çox yüksək səviyyədə keçirildiyini və nəticələrdən məmnun qaldığını yazıb: “Tərtər və Bərdə rayonlarına səfərlərimiz məlumat əldə etmək, qaçqın və məcburi köçkünlərin bəzən ürək ağrıdıcı olan vəziyyətini və ehtiyaclarını anlamaq üçün çox faydalı idi. Səfər həmçinin, Azərbaycanın dinamik vətəndaş cəmiyyətinin inkişafının perspektivlərini və bu istiqamətdə olan fikirləri bilmək baxımından da yararlı oldu.
Azərbaycan rəsmiləri ilə görüşlərdən çox məmnun qaldım. Beynəlxalq Avrasiya Mətbuat Fondunun BMT üzrə QHT-lərin Milli Koordinatoru seçilməsi münasibətilə sizi və bütün heyətinizi təbrik etmək istərdim. QHT Bölməsi olaraq biz 2012-ci ildə müzakirə etdiyimiz istiqamətlərdə Fondla əməkdaşlığımızı gücləndirməyi nəzərdə tuturuq”.
Məktubda BAMF-ın kollektivinin fəaliyyəti də yüksək qiymətləndirilib.
DOSTLARINLA PAYLAŞ: