BMT baş katibinə etiraz məktubu
18 Sentyabr 2009 Cümə 14:46
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev qurumun baş katibi Pan Gi Muna rəsmi etiraz məktubu yollayıb.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən APA-nın ABŞ bürsuna verilən məlumata görə, məktubda əsas diqqət sentyabrın əvvəllərində Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada qondarma rejimin “müstəqillik gününə” həsr olunan tədbirlərə qatılması və Xankəndində verdiyi bəyanatlara yönəlib. Məktubda həmçinin Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanın və onu müşayiət edən yüksək rütbəli diplomatların işğal olunmuş ərazilərdə diplomatların ənənəvi müşavirəsini də keçirdiyi də qeyd olunub.

Səfir Mehdiyev müraciətində bildirib ki, “mənim təmsil etdiyim hökumət işğal olunmuş ərazilərə yuxarıda qeyd etdiyim səfərləri və orada səsləndirən hərbi ritorikanı Ermənistanla Azərbaycan arasında münaqişənin tez bir zamanda siyasi yolla həllinə açıq maneə kimi qiymətləndirir. Reallıqda Ermənistan bir daha öz anneksiya siyasətinə bəraət qazandırmağa və faktların kobud formada təhrif olunması yolu ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Halbuki, etnik mənsubiyyət əsasında qurulan marionet separatist rejimi dünya ölkələri tanımaqdan imtina edirlər”.

Aqşin Mehdiyev qeyd edib ki, minlərlə insanın həyatına son qoyan, yüz minlərlə azərbaycanlını öz yurdlarından didərgin salan, iki dövlət arasında geniş miqyaslı müharibəyə səbəb olan bir hadisənin “yubileyi” münasibəti ilə mərasimlərə qatılan Ermənistan rəhbərliyi gözlənilməz nəticələr verə biləcək eskalasiya siyasətinə üstünlük verir. Daimi nümayəndəliyin rəhbəri BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın 14 mart 2008-ci ildə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq və şərtsiz tanındığını, münaqişənin həll olunmasında bu prinsiplərin toxunulmaz olduğunu bildirib.

Baş katibə müraciətin sonunda səfir Mehdiyev qeyd edib ki, “Ermənistan Respublikası başa düşməlidir ki, onun öz maraqları üçün, regionda sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın təmin olunması üçün münaqişənin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin pozulmamağı çərçivəsində həllinə alternativ yoxdur. Azərbaycan Respublikası heç vaxt öz ərazi bölüvlüyünə xələl gətirəcək, öz xalqının hüquqi maraqlarına və indiki status-kvonun leqallaşmasına xidmət edəcək atdım atmayacaq”.

Səfir Mehdiyev baş katibdən bu məktubun BMT Baş Assambleyasının 64-cü sessiyası və BMT Təhlükəsizlik Şurasında yayılmasını xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar