BMT Azərbaycana yeni rezident-əlaqələndirici təyin edib
12 İyun 2010 Şənbə 16:35
Türkiyəli Fikrət Akçura Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə yeni rezident-əlaqələndiricisi təyin edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda olan F. Akçura iyunun 12-də nazir Elmar Məmmədyarov tərəfindən qəbul olunub.
Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi təyin edilməsindən məmnun olduğunu vurğulayan qonaq təmsil etdiyi qurumla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcudluğunu söyləyib. O, BMT-nin müxtəlif proqramlarının uğurla və səmərəli həyata keçirilməsi istiqamətdə çalışacağını bildirib.
Öz növbəsində nazir E. Məmmədyarov Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi təyin olunması münasibətilə F. Akçuranı təbrik edərək ona müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, F. Akçura təxminən 25 ildir BMT strukturlarında çalışır. O, daha əvvəl Özbəkistan və Pakistan kimi ölkələrdə BMT-nin təmsilçisi olub. APA
DOSTLARINLA PAYLAŞ: