Bloggerlərin azadlığa buraxılması tələbilə aksiya keçirilib
08 İyul 2010 Cümə Axşamı 16:55
Aksiya iştirakçıları Prezident Administrasiyasının binasına yaxınlaşıblar.
“Dalğa” gənclər təşkilatının fəallarından ibarət qrup bu gün saat 14.00-a yaxın Prezident Administrasiyasının qarşısında bloggerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması tələbilə aksiya keçirib.
Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, fəallar Filarmoniyanın binasının yanında toplaşıblar. Onlar şüarlar səsləndirərək Administrasiyanın binasına yaxınlaşıblar.
Gənclər “Adnana və Eminə azadlıq!”, “Qanunsuz məhkəmə qərarını ləğv edin!”, “Gənclərə təzyiqlərə son qoyun!” şüarlarını səsləndiriblər. Administrasiyanın binasının qarşısında polislər onların yolunu kəsərək saxlayıblar və maşınlara əyləşdiriblər.
Bundan əvvəl fəallar aksiyanın qətnaməsini jurnalistlərə paylayıblar. Qətnamədə dövlət başçısı blogerlərin taleyinə müdaxilə etməyə və onları azadlığa buraxmağa çağırılır.
“Adnan və Emini həbs edənlər ölkənin imici barədə düşünməyiblər. İnanırıq ki, bunun əhəmiyyətini başa düşərək vəziyyəti düzəldəcəklər”, - qətnamədə vurğulanır.
Beş fəal saxlanılıb. Onların hara aparıldığı hələlik məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: