Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir
11 Oktyabr 2012 Cümə Axşamı 02:12
Ən böyük uğur o vaxt olacaq ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaq.
Bu il ərzində və keçən il çox ciddi hadisələr baş verib, Azərbaycanın dünyadakı rolu, yeri böyük dərəcədə artıb. ANS PRESS-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində deyib. ““Eurovision” mahnı müsabiqəsi. Biz “Eurovision”un Bakıda keçirilməsinə təşəbbüs göstərməmişdik. Sadəcə olaraq, müsabiqənin şərtləri belə idi ki, o, qalib olan nümayəndələrin ölkəsində keçirilir. Yüksək səviyyədə keçirmişik. Bəlkə də ən yüksək səviyyədə keçirmişik. Öz mədəniyyətimizi və reallıqlarımızı bütün Avropaya təqdim edə bilmişik”, - dövlət başçısı bildirib.
“BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Cəmi 20 il müstəqillik həyatını yaşayan ölkə üçün bu, tarixi nailiyyətdir. Yüz əlli beş ölkə bizi dəstəklədi. Qoşulmama Hərəkatına üzv olduq. Bu da siyasi cəhətdən çox düzgün bir addım idi. Bu, yenə də bizim xarici siyasətimizin böyük qələbəsi idi. O təşkilata üzv olmaq və üzv olduqdan sonra cəmi bir il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, ərazi bütövlüyü prinsipini rəhbər tutan qətnamənin qəbul edilməsinə nail olmaq çox böyük tarixi nailiyyətdir. Biz cəmi bir il idi ki, o təşkilatda fəaliyyət göstərirdik. Amma bu fəaliyyət o qədər fəal və Azərbaycana olan münasibət o qədər müsbət idi ki, bir il ərzində 120 ölkə bizim mövqeyimizi dəstəkləyib. Bundan başqa, Olimpiya Oyunlarında uğurlarımız. Biz dünya miqyasında aparıcı idman dövlətləri arasındayıq. Bu da reallıqdır”, - İlham Əliyev əlavə edib.
Prezidentin sözlərinə görə, bu uğurlar bizi sevindirir, düşmənlərimizi isə məyus edir: “Əminəm ki, gələcək illərdə bu meyillər daha da güclənəcək. Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaq. Ən böyük uğur o vaxt olacaq ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaq. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır”.
DOSTLARINLA PAYLAŞ: