Bizi dəstəkləyən müsəlman ölkələrə təşəkkür edirəm
26 Aprel 2013 Cümə 01:03
Prezidenti İlham Əliyev İƏT əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçıları ilə görüşüb.
“Bizim haqq işimizi dəstəkləyən bütün müsəlman ölkələrinə öz minnətdarlığımı bildirmək istəyirəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim yanımızdadır, bizi fəal dəstəkləyir, haqq-ədaləti dəstəkləyir”. Bunu Azərbaycan respublikasının prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıda keçirilən konfransının iştirakçıları ilə görüşü zamanı deyib. Erməni işğalından əziyyət çəkən kifayət qədər çox azərbaycanlı olduğunu deyən president İlham Əliyev etnik təmizləmə siyasəti aparan erməilərin misilsiz vəhşiliklər törətdiyini vurğulayıb.

“Hələ ki erməni işğalından əziyyət çəkən soydaşlarımız kifayət qədər çoxdur. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparır. Azərbaycanlılar öz tarixi dədə-baba torpaqlarından didərgin salınıb. Bizim bütün tarixi abidələrimiz, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu vəhşiliyi təsdiqləyən kifayət qədər faktlar, sənədlər, videosənədlər, fotoşəkillər var. Ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədilib və 613 nəfər, - onlardan 100-dən çoxu qadın, 63-ü uşaqdır, - erməni soyqırımının qurbanı olub. Bu, misli görünməmiş vəhşilik idi, bu, erməni faşizminin təzahürü idi” – deyə prezident İlham Əliyev bildirib.

Beynəlxalq hüququn Azərbaycanın mövqeyini dəstəklədiyini deyən prezident İlham Əliyev BMT-nin işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə qətnamələrinin icra edilmədiyini deyib. “Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Ancaq əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı qərarlar, qətnamələr qəbul ediblər. Ancaq hələ ki, bu məsələ öz həllini tapmır. Torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan artıq azərbaycanlı bu işğaldan bu gün də əziyyət çəkir”.

Sonda Azərbaycana verdiyi dəstəyə görə qardaş ölkə nümayəndələrinə təşəkkürünü bildirən Azərbaycan respublikasının prezidenti bu ölkələrin rəhbərlərinə salam göndərib: “Mən bütün qardaş ölkələrə bizə göstərilən dəstəyə görə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Əziz qonaqlar, konfransın işinə uğurlar arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız”.





DOSTLARINLA PAYLAŞ:

oyunlar