Bizə bəyanatlar yox, torpaqlarımızın azad olunması lazımdır
11 Dekabr 2010 Şənbə 14:00
“Azərbaycan vətəndaşları ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır”
Bakı. Viktoriya Dementiyeva – APA. “ATƏT-in Astana sammitində müəyyən söhbətlər oldu, əhəmiyyətli bəyanatlar verildi, bu bəyanatlar bundan əvvəl də səsləndirilib. Lakin bizə bəyanatlar yox, torpaqlarımızın azad olunması lazımdır”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədov verib. Ə. Əhmədov bildirib ki, torpaqların azad olunması üçün beynəlxalq ictimaiyyətin və təşkilatların, ilk növbədə isə bu münaqişənin nizama salınması üçün məsuliyyəti öz üzərilərinə götürmüş ATƏT-in Minsk Qrupunun çox təsirli və kəsərli sözləri, o cümlədən addımları əhəmiyyətlidir: “Müxtəlif sammitlər və qərarlar ola bilər. Amma Azərbaycan üçün o qərar məqbul olacaq ki, münaqişənin nizama salınması prosesi reallığa çevrilsin. Əgər bu danışıqlar nəticə
etibarı ilə həllini tapmırsa, deməli həlledici əhəmiyyət kəsb etmir. Qərarın əhəmiyyəti o zaman olar ki, ərazilər azad olunsun və qaçqınlar geri qayıtsınlar”.

Ə. Əhmədovun sözlərinə görə, Azərbaycan vətəndaşları sülh danışıqlarının uzadılmasından əziyyət çəkir: “Azərbaycan vətəndaşı bu münaqişənin həll olunması üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdırlar. Prezident İlham Əliyev də bəyan edib ki, əgər sülh danışıqları lazımı nəticə verməyəcəksə, Azərbaycan xalqı torpaqlarının geri qaytarmaq hüququnu özündə saxlayır. Bu iradəni ifadə edən prezident olacaq. Azərbaycan münaqişənin dinc yolla, qan tökülmədən həll olunması tərəfdarıdır. Belə olmasaydı, Azərbaycan yenidən danışıqlar prosesində iştirak etməzdi. Əgər danışıqlar nəticə verməzsə, biz lazımı addımları atmaq zorunda qalacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar