Biz yenə Dağlıq Qarabağa səfər edəcəyik
14 Dekabr 2011 Çərşənbə 15:32
Polad Bülbüloğlundan açıqlama gəldi.
“Hamı Qarabağ problemindən xəbərdardır, tariximizin qanlı səhifələrini unutmaq olmaz. Bu problemi gənc nəsil həll edəcək. Mən səfir olana kimi düşünürdüm ki, bu problemi yalnız güc yolu ilə həll etmək olar. Amma “xalq diplomatiyası” deyə bir anlayış var. Mən Dağlıq Qarabağa getmişdim, Qarabağdakı öz evimi görəndə mənim üçün o qədər də asan olmadı. Amma başa düşdüm ki, biz yalnız bu yolla nəyəsə nail ola bilərik”.
APA-nın “Vesti.az”a istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada “MDB gəncliyi – ictimai diplomatiyanın gələcəyi” adlı forumda çıxışı zamanı söyləyib.
O bildirib ki, MDB ölkələrinin simfonik orkestrinin Bakı və İrəvanda çıxış etdiyi günü unuda bilmir: “Son 20 ildə azərbaycanlı musiqiçilər Bakı səhnəsində, erməni musiqiçilər isə İrəvan səhnəsində çıxış etməmişdilər. Bu konsert proqramlarını təşkil etmək ideyası yarananda musiqiçilərin valideynləri narahat olmuşdu. Onda mən həmkarım Armen Smbatyanla Bakı və İrəvana yollandıq, bir növ gəncliyimizin təhlükəsizliyinin qarantı olduq. Gənc erməni musiqiçilər ilk dəfə bizim Bakı bulvarını gördülər, azərbaycanlı musiqiçilər isə İrəvan bazarlarında necə pozitiv qarşılandıqlarında təəccübləndilər. Lakin bu vacib deyil, vacib olan odur ki, onlar bir-birini dinləməyi, münaqişənin mahiyyətini anlamağı bacardılar”.
Polad Bülbüloğlu bildirib ki, ziyalıların Qarabağ və İrəvana səfəri Bakıda etiraz aksiyaları ilə qarşılanıb: “Bilirəm ki, Qarabağ və İrəvana səfərlərimiz Bakıda etiraz aksiyalarına səbəb oldu. Lakin biz bu işi davam etdirəcəyik ki, bizim gənc nəsil Dağlıq Qarabağ problemini həll edə bilsin”.
DOSTLARINLA PAYLAŞ: