Biz bu işin asan olacağına inanırdıq
03 Fevral 2013 Bazar 18:35
Ermənistan başa düşməlidir ki, XXI əsrdə başqa ölkənin torpaqlarını işğal altında saxlamaq mümkünsüzdür.
Dünyanın diqqət mərkəzində olan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan torpaqlarının işğal olunması barədə məlumatlar iştirakçıların nəzərinə çatdırılıb. Dağlıq Qarabağ məsələsini konfransın gündəminə xarici işlər naziri Elmar Məmmədyarov gətirib. Nazir xatırladıb ki, hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar 4 qətnamə qəbul edib, o vaxtlar ATƏT-in Minsk qrupunun sədri olmuş Mario Rafaelli isə erməni qoşunlarının Azərbaycanın torpaqlarından geri çəkilməsi ilə bağlı sənəd hazırlayıb. Elmar Məmmədyarov ermənilərin münaqişənin həlli ilə bağlı dediklərinin əsassız olduğunu qeyd edib.

“O zaman biz bu işin asan olacağına inanırdıq, lakin BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyasının qətnamələrə baxmayaraq işğal hələ də davam edir, ərazi bütövlüyü bərpa olunmayıb. Amma gec-tez bütün münaqişələrin sonu gəlir və təbii ki, vaxt gələcək Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Əgər bu yaxın zamanlarda baş versə, bu region üçün çox yaxşı olacaq. Ermənistan başa düşməlidir ki, XXI əsrdə etnik təmizlənmə siyasəti yürüdüb, başqa ölkənin torpaqlarını işğal altında saxlamaq mümkünsüzdür. Orada yaşayan əhalini öz torpaqlardan qovub, sonra isə öz müqəddəratları barədə danışmaq vəziyyətdən çıxış yolu deyil”, - deyə Məmmədyarov vurğulayıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar