Bir qrup alim İranda həbsdə olan Rəşid Əliyevlə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinə müraciə
13 May 2010 Cümə Axşamı 13:30
Bir qrup azərbaycanlı alim İranda həbsdə olan Rəşid Əliyevlə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb.
Bu barədə APA-ya Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, “Lazer” Elmi Texniki Mərkəzin direktoru Soltanhəmid Məlikov məlumat verib.

Komitə sədrinin bildirdiyinə görə, mayın 12-də bir qrup alim və ziyalı İranın Azərbaycandakı səfirliyində olub. Onlar R. Əliyevlə bağlı İran hökumətinə ünvanlanan müraciəti səfirliyə təqdim ediblər. Müraciətdə azərbaycanlı alimə qarşı irəli sürülən ittihamın rədd edilməsi və R. Əliyevin qanunsuz həbsinə şərait yaradan şəxslərin cəzalandırılması tələb olunur.

İran səfirliyi bu müraciətin obyektiv araşdırılacağına və tezliklə alimin hüquqlarının müdafiəsi komitəsinə bu barədə cavab veriləcəyinə söz verib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev iki il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində onun rəhbərliyi altında şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması həyata keçirilib.

Şirkətin rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən ilin oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.

R. Əliyev lazer texnologiyası ilə bağlı məlumatları və elektron sxemləri Azərbaycana göndərməkdə ittiham olunur.

Bir müddət əvvəl isə İran məhkəməsinin qərarı ilə R. Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar