Biomüxtəlifliyin qorunmasına dairQəbələ Bəyannaməsi qəbul olunub
07 İyul 2010 Çərşənbə 17:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı iyulun 7-də Qəbələ şəhərində Şərqi Avropa və Mərkəzi Asiya regionundan olan 30-a yaxın dövlətin ekologiya və ətraf mühit üzrə nazir və nazir müavinlərinin iştirakı ilə biomüxtəlifliyə dair beynəlxalq konfrans keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanda biomüxtəlifliyinin qorunması və inkişaf etdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazirin sözlərinə görə, Azərbaycan Bioloji Müxtəliflik Konvensiyasının məqsədlərinə çatmaq istiqamətində ən ciddi addımlar atan ölkələr siyahısına aid edilə bilər. H. Bağırov vurğulayıb ki, 2003-cü ildə xüsusi mühafizə olunan təbiət əraziləri respublika ərazisinin 4,5 faizini təşkil edirdisə, hazırda bu rəqəm 10,1 faizə çatdırılıb. Son 3 il ərzində 32211 hektar ərazidə meşə-bərpa işləri aparılıb.

BMT-nin Ətraf Mühit Proqramının Avropa bürosunun direktoru Kristof Buvye çıxışında bildirib ki, bütün sistemlərin qorunub saxlanılmasında gələcək amillər nəzərə alınmalıdır. Onun sözlərinə görə, gələcək nəsillərin bu sərvətləri qiymətləndirməsinə indidən zəmin yaratmaq lazımdır. Kristof Buvye 2010-cu ilin dünyada "Biomüxtəliflik ili" elan olunması ilə Azərbaycanda "Ekologiya ili" elan edilməsinin də üst-üstə düşməsini çox əlamətdar hadisə hesab edib. Tədbirdə BMT-nin Yaşıl Təsərrüfat üzrə qrup rəhbəri Pavan Sudkevin video çıxışı da dinlənilib.
Makedoniya, Almaniya, Gürcüstan, Rumıniya, Qırğızıstan, Ukrayna, Türkmənistan, Bolqarıstan, Türkiyə, Tacikistan, Qazaxıstan, Serbiya, Rusiya və digər ölkələrin ətraf mühit nazirləri və nazir müavinlərinin iştirak etdiyi tədbirdə Şərqi Avropa və Mərkəzi Asiya regionunda biomüxtəlifliyin qorunması və idarə edilməsi ilə bağlı məsələlər müzakirə edilib, regional və ölkə səviyyəli biomüxtəliflik məsələləri araşdırılaraq prioritet mövzular təhlil olunub. Konfrans çərçivəsində “Yaşıl iqtisadiyyat, ekosistemlərin iqtisadiyyatı və biomüxtəliflik”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və ekoloji şəbəkələr, ətraf icmalarda yoxsulluğun azaldılması” və “Biomüxtəliflik Konvensiyasının 2010-cu ildən sonrakı məqsədləri və Strateji Planı: Avropa Regionu üzrə prioritetlər” mövzularında üç dəyirmi masa keçirilib.

Konfransın sonunda iştirakçı ölkələr arasında bioloji müxtəlifliyin qorunması ilə bağlı görüləcək yeni tədbirlərə böyük təkan verəcək Qəbələ Bəyənnaməsi qəbul olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar