Binə Bələdiyyəsinin sədri və müavini barəsində həbs-qətimkan tədbiri seçilib
02 Aprel 2012 Bazar Ertəsi 18:22
Baş Prokurorluq rəsmi məlumat yayıb.
Baş Prokurorluq Binə Bələdiyyəsinin sədri və müavininin həbsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakininin Binə bələdiyyəsinin sədri Babaxan İsayevin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

29 mart 2012-ci il tarixdə bələdiyyənin sədri Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə satılan torpaq sahəsi üçün vətəndaşdan 4.400 manat pulu rüşvət kimi qəbul edib, onun tanışının adına fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsinin ayrılması barədə Hövsan südçülük sovxozunun direktorunun adından verilmiş 9 dekabr 2000-ci il tarixli saxta əmrdən çıxarışı təqdim edən zaman cinayət başında yaxalanıb.

Adı çəkilən şəxslərin yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri “Su təsərrüfatı” kiçik müəssisəsinin, 1 №-li mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb.

Törətdikləri cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar