Beynəlxalq işıqfor günü
05 Avqust 2014 Çərşənbə Axşamı 10:10
5 avqust beynəlxalq işıqfor günüdür. İşıqfor ən əsaslı yol hətəkəti texnologiyası olaraq qalır.
5 avqust ümumdünya işıqfor günüdür.
ANS PRESS-in məlumatına görə, İlk işıqfor dəmir yol siqnalı üzrə mütəxəssis Con Pik Nayt tərəfindən icad edilib və 1868-ci il dekabrın 10-da Londonda Britaniya parlamenti binasının qarşısında quraşdırılıb. Cihazı xüsusi təhkim edilmiş adam idarə edirdi. O, bərkidilmiş qayış sisteminin köməyi ilə cihazın oxunu qaldırır və endirirdi. Sonralar oxu işıq qazı ilə işləyən fənər əvəz etdi. Fənərdə yaşıl və qırmızı şüşələr vardı, sarı rəngdən istifadəni isə hələ fikirləşməmişdilər.
1869-cu il yanvarın 2-də işıqforun qaz fənəri partlayaraq onu idarə edən polisi yaralamışdı. Ondan sonra işıqfordan təxminən 50 il – 1910-cu ilədək - ilk iki rəngli fənərdən ibarət avtomatik qurğu yaradılanadək istifadə olunmadı.
Beynəlxalq İşıqfor Gününün tarixi isə avqustun 5-dən hesab edilir. Həmin gün 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk elektrik işıqfor quraşdırılıb. Onun da iki – qırmızı və yaşıl işıq rəngli işıqları olub. Sarı rəngi isə polisin xəbərdaredici fiti əvəz edirdi. Lakin dörd ildən sonra Nyu-Yorkda avtomatik idarə olunan üç rəngli işıqfor quraşdırılıb. Maraqlıdır ki, ilk işıqforlarda yaşıl rəng yuxarıda olmuş, sonralar isə qırmızı rəngi yuxarıda yerləşdirmək qərara alınmışdır.
Azərbaycanda işıqforla XX əsrin ortalarında tanış olublar. İşıqfor ən əsaslı yol hətəkəti texnologiyası olaraq qalır və onun qanunlarına uymamaq kəskin şəkildə cərimələnir.
Hazırda Azərbaycanın paytaxtı və bölgələrdə ən müasir işıqforlardan istifadə olunur.
DOSTLARINLA PAYLAŞ: