BƏƏ-nin iqtisadiyyat naziri Qəbələyə gedib
04 May 2011 Çərşənbə 17:50
Sultan bin Səid əl Mənsouri "Gilan" piano fabriki və Qəbələ Konserv zavodunda olub.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsourinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Gilan" piano fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də sənayenin inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ölkədə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də yaradılır və "Gilan" piano fabriki belə müəssisələrdəndir.

Regionda analoqu olmayan və beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Fabrikdə dünyada məşhur olan "Beltmann" markalı pianolar istehsal edilir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1000 piano istehsalı nəzərdə tutulur.

Daha sonra qonaqlar Qəbələdə meyvə və tərəvəzin saxlanılması üçün tikilmiş soyuducu anbarla tanış olub. Burada bildirilib ki, ümumi sahəsi 7800 kvadratmetr olan və 3 hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir.

Qonaqlar Qəbələ Konserv zavodunda da olub. Qonaqlara məlumat verilib ki, müəssisədə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Zavodda müxtəlif növ meyvə püreləri, konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal edilir. Müəssisənin məhsulları dünyanın 30 ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir.

Ərəbistanlı qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə ediblər. BƏƏ-dən olan nümayəndə heyəti həmçinin, Qəbələnin görməli yerləri, füsunkar təbiəti ilə də tanış olub, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar