Baytarlıq Xidməti quş qripi ilə bağlı əhaliyə xəbərdarlıq edir
30 Noyabr 2012 Cümə 11:06
Köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır
Quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanan növbəti monitorinq başa çatıb. Dövlət Baytarlıq Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşunun, eləcə də, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1175 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunan nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli parklarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə aparılıb.

Köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə aparılmamalıdır. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını nəzərə alaraq Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri davam etdirəcək. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin dekabrın 17-də başlanması nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar