Barak Obama və İlham Əliyev Qarabağ münaqişəsini müzakirə edib
24 İyun 2011 Cümə 10:26
ABŞ prezidenti Barak Obama Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib.
ABŞ prezidenti Barak Obama Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində İham Əliyevə zəng edib. Ağ evin mətbuat xidmətinin məlumatına görə, Obama telefon danışığı zamanı tərəfləri uzun illərdir davam edən münaqişənin həlli üzrə danışıqlar prosesində həll yolu tapmağa çağırıb.
ABŞ prezidenti Minsk qrupunun həmsədr ölkələri Fransa və Rusiya rəhbərləri ilə birgə bəyanatında olan münaqişənin sülh yolu ilə həlli üçün həlledici addımlar atmağın vaxtı çatması barədə tezisləri bir daha xatırladıb.
"ABŞ prezidenti hər iki ölkənin liderinin Kazanda Medvedevlə birgə keçiriləcək görüşdə danışıqları başa çatdırmaq və münaqişənin həlli üçün baza sənədinin imzalanmasına çağırıb. Bu baza prinsipləri razılaşdırılandan sonra tərəflər gücdən istifadə etməmək, ərazi bütövlüyü və insanların öz müqəddaratını həll etmək prinsipləri əsasında final danışıqlarına başlaya bilərlər.
Obama bildirib ki, münaqişənin həll edilməsi və Azərbaycan, Ermənistan, eləcə də Dağlıq Qarabağda yaşayan əhali və onların övladları üçün daha yaxşı gələcək üçün çalışmaq vaxtı çatıb. ABŞ regionda təhlükəsizliyin möhkəmlənməsi üçün hər iki tərəfi, eləcə də Minsk qrupu həmsədrlərini dəstəkləməyə davam edir", deyə Ağ evin məlumatında bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama həmçinin Ermənistanın dövlət başçısı Serj Sarkisyana da zəng edib. ANS PRESS-in News.am saytına istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatlar prezidenti Ermənistan, Rusiya və Azərbaycanın dövlət başçıları arasında gözlənilən üçtərəfli görüşə mühüm əhəmiyyət verdiyini bildirib. O, Serj Sarkisyana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindəki təşəbbüskarlığına görə təşəkkür edib və Kazanda irəliləyişin əldə olunmasının vacibliyini vurğulayıb.
Serj Sarkisyan isə Barak Obamaya münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həlli prosesinə mütəmadi dəstəyinə görə təşəkkür edib. Serj Sarkisyan bildirib ki, həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri münaqişənin dinc və ədalətli həllinə çalışırlar. Onun sözlərinə görə, Azərbaycan tərəfi Kazanda konstruktiv yanaşma nümayiş etdirsə, müsbət nəticələr gözləməyə dəyər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: