Barak Obama İlham Əliyevə təbrik məktubu göndərib
04 Noyabr 2011 Cümə 20:09
ABŞ prezidenti Amerika xalqı adından müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə Qurban bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
"İllik həcc ziyarəti başa çatdığı bir vaxtda Mişel və mən Qurban bayramı münasibətilə Amerika və bütün dünya müsəlmanlarına və xüsusən də, İslamın əsas sütunlarından biri ilə bağlı mərasimin uğurla yerinə yetirilməsi münasibətilə hacılara ən xoş arzularımızı çatdırmaq istərdik.
Həcc ziyarətində olan və dünyanın üç əsas dinində İbrahim peyğəmbərin yolunu xatırladan ayinləri həyata keçirən üç milyona yaxın müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması bizi fərəhləndirir. Bu il həcc ziyarətində olmuş şəxslərdən əlavə bütün dünya müsəlmanları Qurban bayramını Allah-taala ilə əlaqələrini düşünərək, öz oğlunu qurban verməyə hazır olan İbrahim peyğəmbəri yad edərək məzlumlara qida yardımı etmək məqsədilə keçirəcəklər. Dünya müsəlmanlarının əksəriyyəti bu gün böyük ehtiyacları olanlara, o cümlədən Afrika Buynuzunda quraqlıq və aclıqdan əziyyət çəkənlərə şəfqətlə yanaşmağa hazır olduqlarını nümayiş etdirmək qərarına gəldilər".
Barak Obama bildirib ki, daha böyük işlərə səylərini yönəltmək məqsədilə müxtəlif etnik və iqtisadi mənşəyi olan insanlar öz fərqlərini unutduğu bir anda müxtəlifliyimizin Allah tərəfindən verilmiş və qovuşacağımız güc mənbəyi olması bütün bəşəriyyət üçün bir örnəkdir.
"Amerika xalqı adından belə bir xüsusi vaxtda dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istəyirik və Həcc ziyarətini uğurla başa çatdıranlara öz təbriklərimizi yetiririk. Qurban bayramınız mübarək olsun", - deyə ABŞ prezidentinin təbrik məktubunda bildirilir.
DOSTLARINLA PAYLAŞ: