"Bank of Baku" da “Wikileaks”ə etiraz etdi
01 Dekabr 2010 Çərşənbə 10:35
Bank saytda dərc olunan məlumata aydınlıq gətirib
"Bank of Baku" rəsmi bəyanatla çıxış edərək "WikiLeaks" saytında çirkli pulların yuyulmasında iştirakı ilə əlaqədar yayımlanan məlumatı təkzib edir. Bankın məlumatında deyilir ki, məqalədə "Bank of Baku" haqqında yayımlanan yeganə həqiqət ondan ibarətdir ki, Oromi ailəsi "Nab Dıs Ticaret" türk şirkəti vasitəsilə bankın təsisçilərindən biridir. Oromi ailəsinin üzvləri həm Azərbaycanda, həm də ölkədən kənarda tanınmış və nüfuzlu iş adamlarıdırlar, Azərbaycanda Oromi ailəsi 90-cı illərin ortalarından bizneslə məşğuldur və hazırda, ticarət və xidmət sahələrində bir sıra müvəffəqiyyətli təşkilatların səhmlərinə sahibdir.
Həmçinin, "Bank of Baku" Cəmşid Mahmudoğlu adlı bir şəxsin (Jamsheed "Jushkar" Mahmudoglu) bankın səhmdarlarından biri olması haqqında məlumatı da təkzib edir. "Bank of Baku" rəsmi olaraq bəyan edir ki, bu şəxs heç bir zaman bankın səhmdarı olmayıb. Səhmdarların siyahısı bankın korporativ saytında http://www.bankofbaku.com/az/shareholders.html və http://www.bankofbaku.com/az/audit-reports.html ünvanında təqdim olunan audit hesabatlarında göstərilib.
Bundan əlavə, "Bank of Baku"nun heç bir qeyri-qanuni pul köçürmələrinə və ya istənilən digər qeyri-qanuni fəaliyyətə aidiyyəti yoxdur və bankın müştəriləri arasında Adil Şərabiani adlı şəxs heç zaman olmayıb. Bankın müştəriləri arasında Azərbaycan, MDB, Avropa ölkələri, ABŞ, İran və s. ölkələrin vətəndaşları var. Bankın müştərilərinin bütün əməliyyatları Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ-hüquqi aktlarına ciddi surətdə uyğun olaraq həyata keçirilir.
Bəyanatda bildirilir ki, bank çirkli pulların yuyulmasına, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşməsinə qarşı yönəlmiş proseslərə xüsusi diqqət yetirir. Sonda "Bank of Baku" məlumatın mənbəsinə banka ölkənin ən peşəkar idarə olunan maliyyə strukturlarından biri kimi yüksək qiymət verdiyinə görə öz təşəkkürünü bildirir.
"Məqalənin mahiyyəti onun mənbələrindən asılıdır. Müəllifin həmin məqalədə təsdiqi olmayan mənbələrə istinad etməsi etirafının nəticəsi olaraq, təqdim olunmuş məqaləyə etibarsızlıq və şübhə prizmasından baxılmalıdır. Şayiələrə əsaslanmış məlumat özü-özlüyündə şayiədir", deyə bəyanatda qeyd olunub.
DOSTLARINLA PAYLAŞ: