Balakəndə yeni gömrük-sərhəd buraxılış məntəqəsi açılıb
08 İyul 2010 Cümə Axşamı 16:00
Balakəndə yeni gömrük-sərhəd buraxılış məntəqəsi açılıb. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.
Prezident İlham Əliyev bu gün Balakəndəki Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük-sərhəd buraxılış məntəqəsi ilə yaxından tanış olub.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev dövlət başçısına məlumat verib ki, inşasına 2008-ci ildə başlanan məntəqənin ümumi sahəsi 4 hektardır. Bu məntəqədən gündə təxminən 190 avtomobil və 500-600 nəfər buraxılır. Ərazidə müvəqqəti saxlanc yeri və anbarlar, yeməkxana, inzibati bina inşa edilib. Həmçinin məntəqə bütün zəruri avadanlıqla tam təmin olunub.
Məntəqənin inzibati binasının foyesində Heydər Əliyevin büstü qoyulub. Burada Heydər Əliyevin həyatını, eləcə də gömrük sahəsinin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb.
Binanın ikinci mərtəbəsində yerləşən 100 yerlik konfrans zalına baxan Prezident İlham Əliyevə qaçaqmalçılığa qarşı mübarizə üzrə əməliyyat mərkəzinin avtomatlaşdırılmış idarəetmə sistemi ilə tanış olub.
Altmışa yaxın insanın işlə təmin olunacağı gömrük-sərhəd buraxılış məntəqəsində yüklərin və nəqliyyat vasitələrinin nəzarəti ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir.
Dövlət başçısına Azərbaycana idxal olunan avtomobillərin “Avro-2” standartlarına uyğunluğunu yoxlayan cihaz, idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsi və mal-nəqliyyat vasitələrinin qeydiyyatı, həmçinin gömrük xidmətinin avtomatlaşdırılmış informasiya sistemi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti və sərnişin xətləri var. Gömrük buraxılış məntəqəsində "Bir pəncərə" sistemi tətbiq edilir. Burada, həmçinin sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidməti də var.
Prezident İlham Əliyev qonaqlar üçün yaradılan xüsusi gözləmə otağında da olub. Diqqətə çatdırılıb ki, terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Gömrük-sərhəd buraxılış məntəqəsi ilə tanış olan Prezident öz tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyev Balakənə səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: