Bakı Sarkisyanın Astanaya getməməsi münasibət bildirdi
26 Noyabr 2010 Cümə 00:35
Novruz Məmmədov: “Sammitdə iştirak etməmək Ermənistan prezidenti və bu ölkənin diplomatiyası üçün siyasi iflas ola bilər”
“Bəlkə də, bu gün Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etməmək barədə düşünür. Amma mən düşünürəm ki, hər halda o, sammitə gələcək”. Bunu üsahibimiz Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. Onun sözlərinə görə, dünyanın dünyanın geosiyasi mənzərəsini formalaşdıran böyük sammitin davamında ikinci mühüm bir sammitdə iştirak etməmək Ermənistan prezidenti və bu ölkənin diplomatiyası üçün həqiqətən siyasi iflas ola bilər. Şöbə müdiri hesab edir ki, Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etmək məcburiyyətindədir.
Novruz Məmmədovun fikrincə, bütün bunlar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi avantürist, əsaslandırılmamış, qeyri-konstruktiv mövqelərilə özünü çətin bir vəziyyətə salıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi həqiqətən bu gün bu dövləti siyasi və diplomatik dalana salıb və oradan da çıxış yolu tapa bilmir: “Xarici siyasət dövlətin elə bir fəaliyyət sahəsidir ki, orada atılan adımın nəticəsini tezliklə görmək olmur. Bu sferada atılan hər bir addımın məntiqi nəticəsi 3, 5, 10, hətta, 20 ildən sonra özünü göstərə bilər. Məhz, Ermənistan rəhbərlərinin də atdığı səhv addımlar müəyyən müddətdən sonra öz mənfi nəticəsini göstərəcək. Bir məsələni xüsusi olaraq qeyd edim ki, həm Ermənistan rəhbərliyi, həm də erməni xalqı başa düşməlidir ki, onlar keçmiş Sovetlər dövründə Azərbaycanın hesabına yaşayıb. Azərbaycanın həm birbaşa yardımı, həm də Azərbaycanın müəyyən imkanlarından istifadə etməklə Ermənistan yaşayırdı. Amma bu ölkənin işğalçı siyasəti üzündən yaranmış mürəkkəb vəziyyətin nəticəsi olaraq, görün Ermənistan necə pis vəziyyətə düşüb. Bu ölkədə nə tərəqqi, nə də ki, inkişaf perspektivləri var. Onlar özlərini elə bir çətin vəziyyətə salıblar ki, oradan çıxış yolu tapmaq o qədər də asan deyil. Hətta, Qərbin müəyyən dairələrinin güclü dəstəkləri olduqda belə, onlar bu vəziyyətdən optimal çıxış yolu tapa bilmirlər. Bəli, Ermənistanın bugünkü vəziyyəti bu ölkənin bir neçə il bundan əvvəl atdığı səhv addımlarının nəticəsidir. Hazırda isə əsas məsələ odur ki, Ermənistan rəhbərləri, erməni xalqı bunu görməli və vəziyyətdən çıxmaq üçün addım atmalıdır. Əks təqdirdə, onlar özlərini tam iflasa aparacaqlar”.
“Ermənistan xalqı illər ötsə də, bu coğrafiyadan çıxıb getməyəcək, həmişəlik burada yaşayacaq”-deyən Novruz Məmmədovun sözlərinə görə, ona görə də rəsmi İrəvan özünün, bu regionun və dünyanın gələcəyini düşünərək, düzgün addım atmalı və işğalçılıq əməllərindən əl çəkməlidir: “Hər kəs bilir ki, dünyanın geosiyasi mənzərəsi dəyişkəndir. 30 il bundan əvvəl olan mövcud vəziyyət bugünkü ilə eyni deyil. Bundan sonra gələn illərdə də bu vəziyyət dəyişəcək. Bax, o zaman, Ermənistan yeni geosiyasi mənzərədə, məkanda hansı mövqeni tutacaq? Bunu artıq onlar özləri fikirləşməlidirlər. Əgər erməni xalqı bu dəyişkən mənzərəni göz önünə alaraq, fikirləşib düzgün addım atsa, o zaman, onların vəziyyəti xeyli yaxşılığa doğru dəyişə bilər”. Prezident Administrasiyasının şöbə müdiri hesab edir Ki, Ermənistanın hazırki siyasətinin bir qrup şəxsin korporativ maraqlarına xidmət etməsi və erməni xalqının taleyinin nəzərə alınmaması onu göstərir ki, bu dövlət çox sürətlə uçuruma doğru irəliləyir.
DOSTLARINLA PAYLAŞ: