Bakının suyu niyə quruyub?
11 İyun 2010 Cümə 14:45
Bakının suyu niyə quruyub? "Azərsu" ASC: "Su problemi təbii fəlakətlə bağlı deyil".
Yayın qızmar istisində, suya ehtiyac duyulduğu bir məqamda paytaxtda və Bakının ətraf kəndlərində su qıtlığı yaranıb. Son iki gün ərzində ANS PRESS-ə Fatmayi, Digah, Buzovna, Hövsan, Mehdiabad, Binəqədi və Biləcəri qəsəbələrindən bu barədə çoxsaylı şikayətlər daxil olub. Bununla yanaşı, problem paytaxtın Nərimanov, Binəqədi və digər böyük rayonları üçün də xarakterikdir. Ən acınacaqlı vəziyyət isə Hövsan qəsəbəsindədir.

Şikayətçi Rəsul Əhmədov Hövsan qəsəbəsinin heç bir yerində su olmadığını bildirdi: “Hövsan qəsəbəsində ümumiyyətlə su üzünə həsrət qalmışıq. Problem artıq 10 gündən çoxdur ki davam edir. Dəfələrlə müraciət etsək də səsimizi eşidən yoxdur. Suyun yoxluğuna konkret səbəb göstərmirlər. Sadəcə “su anbarı boşdur” deməklə kifayətlənirlər. Biz özümüzü Bakının kəndində yox, Kərbəla düzündə yaşayırmış kimi hiss edirik”.

Hövsan qəsəbə sakini Cəmilə Kərimova isə məsələnin başqa bir tərəfindən gileyləndi. “Əvvəllər su evlərə gəlməsə də, küçədən daşıyırdıq. İndi hövsanlılar içməli suya tamamilə həsrət qalıb. Biz suyu pul ilə alırıq. Sifarişlə maşın su gətirir ki, bu da əhalinin hamısına çatmır. Problemlə əlaqədar suyun da qiymətini qaldırıblar. Əvvəllər suyun tonu 5 manata satılırdısa, indi 10-12 manata alırıq”, söyləyən Cəmilə Kərimova su almağa pul çatdırmadıqlarını bildirdi.

Eyni problem Buzovna qəsəbəsində də hökm sürməkdədir. Qəsəbə sakinləri qızmar günəş altında su daşımaqdan xəstəlik tapdıqlarını bildirdilər. Buzovna qəsəbəsinin sakini İntiqam Babayev ANS PRESS-ə şikayətində bildirdi ki, atrıq vəziyyət kritik həddə çatıb: “Biz buzovnalılar həmişə məişət problemlərilə üz-üzə qalmışıq. Qaz, işıq problemi həmişə bizi narahat edib. Lakin yayda suyun yoxluğu daha dözülməzdir. Cavanlar birtəhər dözür, bəs yaşlı və uşaqlı ailələr nə etsin? Biz cavanlar içməyə su daşıyırıq. Amma qalan tələbatı ödəmək üçün su daşımağa nə gücümüz çatır, nə də vaxtımız”. İ. Babayev bir neçə vətəndaşın su daşıyarkən səhhətinin pisləşdiyni də vurğuladı.

Su yoxluğu ilə bağlı Mehdiabad qəsəbə sakinləri də ANS PRESS-ə şikayət edib. Sakinlər su olmaya-olmaya "su pulu" yığılmasına daha çox qəzəbləniblər. “Günlərdir su üzünə həsrət qalmışıq. Əllərimizdə vedrə küçələrdəyik. "Su pulu" yığanlar da bizdən pul istəyir. Problemlə bağlı nə qədər müraciət etsək də səsimizi eşidən, problemlə maraqlanan yoxdur”, söyləyən Rəhim Qədirov düşdükləri vəziyyətin acınacaqlı olduğunu vurğuladı. Mehdiabad sakinlərindən çoxu içməli suyu pul ilə alsa da, buna maddi imkanı çatmayan ailələr də çoxdur.

Qonşuluqda yerləşən Fatmayi və Digah qəsəbələrində də susuzluq hökm sürməkdədir. Bu qəsəbələrin sakinləri də su yoxluğunun səbəbini bilmir və problemlərinin həll olunacağı günü gözləyir.

Problemlə əlaqədar əziyyət çəkənlərdən biri də Sabunçu rayon X.Natəvan küçəsinin sakinləridir. Şikayətçi Samiq Qasımov bildirdi ki, içməli suyun yoxluğu onlar üçün həlli tapılmayan problemlərdəndir.

“Yaşadığım Sabunçu rayon, Natəvan küçəsində içməli su problemi illərlə mövcuddur. Məhz ona görə hər ailə özü üçün su "motor"u qoydurub. Onun sayəsində gündə iki dəfə su gəlir. Lakin üç gündür ki, su problemə çevrilib”, söyləyən Samiq Qasımov edilən şikayətlərə baxmayaraq, problemlərinin həll olunmadığını bildirir.

Susuzluğun at oynatdığı məkanlardan biri də Biləcəri qəsəbəsidir. Burada da vətəndaşlar su qıtlığından əziyyət çəkir. Sakinlərin sözlərinə görə, Biləcəridə su gündüz tamamilə verilmir, gecələr verilən su tələbatı ödəmir.

“Azərsu” ASC-nin informasiya və ictimai əlaqələr şöbəsinin rəisi Aqşin Rüstəmov ANS PRESS-ə açıqlamasında yaranmış içməli su probleminin əsas səbəbini suyun qeyri-səmərəli istifadə olunması ilə bağladı.

“Bu ilin iyunun ayının əvvəllərindən istilik yüksək dərəcəyə çatdı. Başqa illərdən fərqli olaraq iyunun əvvəllərindən temperatur 30-35 dərəcəyə yüksəldi. İstilərin tez düşməsiylə bağlı suya tələbat birdən-birə xeyli artdı. Məhz bununla əlaqədar Bakının bir neçə qəsəbəsində içməli su qıtlığı yaranıb, suya tələbat xeyli artıb. Hövsan qəsəbəsinə magistral xətdən su Bakı şəhərinin ətraf kəndlərindən, fərdi tikilən evlərin arasından, bağ massivlərindən keçir. Yolda su kəmərinə qanunsuz qoşulmalar çox olur.

"Azərsu" ASC-nin müvafiq əməkdaşları qanunsuz su borularına qoşulanların xətlərini kəsir, üstündən bir saat keçməmiş onlar yenidən öz bildiklərini edirlər. Bu səbəbdən su Hövsan qəsəbəsinə çatmır”, söyləyən Aqşin Rüstəmov digər ərazilərdə yaranmış problemlərin də əsas səbəbini israfçılıqla əsaslandırdı.

Dünyanın heç bir şəhərində içməli sudan bizim kimi qeyri-səmərəli istifadə olunmadığını vurğulayan “Azərsu” ASC-nin rəsmisi problemin həllini vətəndaşların qənaətcil olmalarında görür.

“Biz bilməliyik ki, su Allahın nemətidir və ondan mütləq səmərəli istifadə etməliyik. Nə qədər içməli sudan səmərəsiz istifadə edəcəyiksə, bir o qədər problemimiz olacaq”, -deyə o vurğuladı.

İçməli suyun ən çox mənzil daxilində itkilərə məruz qaldığını bildirən Aqşin Rüstəmov abonentlərdən də gileyləndi.

“Problemə səbəb olan amillərdən biri də abonentlərin su pulu verməməsidir. Keçən üç ay ərzində biz su haqqının 50 faizini yığa bilmişik. Abonentlərin yarısı su pulu verməkdən imtina edir, bu da böyük problemə gətirib çıxarır” söyləyən Aqşin müəllim işlədilən su haqqının ödənilməsini vacib sayır.

Su anbarların boş olmasına gəlincə, o bunun yalan olduğunu vurğuladı. “Şikayətçilər yaranmış problemlərə emosional olaraq fikir bildirirlər. Su anbarların boş olması tamamlilə yanlış fikirdir” söyləyən A.Rüstəmov söylənilənlərin həqiqətə uyğun olmadığını qeyd etdi.

Şikayətçilərin iradına cavab olaraq A.Rüstəmov dispetçer xidmətinin vətəndaşlarla kobud danışmasının həqiqətə uyğun olmadığını bildirdi.

“Bizim 24 saat ərzində fəaliyyət göstərən dispetçer xidmətimiz var. Günün istənilən saatında yaranan problemlərlə bağlı müraciət etmək mümkündür. Dispetçer xidmətinin şikayətçiləri eşitməməsi, yaxud məsələyə laqeyd qalması barədə deyilənlərin hamısı yalandır”, söyləyən cəmiyyət rəsmisi məsələni təkzib etdi.

“Mənə dəfələrlə sual verirlər ki, bəlkə su problemi sellərlə bağlıdır? Bizim Kürdə və Ceyranbatanda baş təmizləyici qurğularımız var. Kür çayından götürülən su əvvəlcə zərərsizləşdirilir, sonra ötürülür baş təmizləyici qurğulara, orada üç təmizləyici mərhələdən keçir. Kimyəvi təmizləmə proseslərindən keçdikdən sonra bir daha təmizlənir və Bakı şəhərinə ötürülür. Paytaxtın girişində, yəni Biləcəri qəsəbəsində içməli su bir daha zərərsizləşdirilir. Oradan su Bakı şəhərinin iritutumlu su anbarlarına, su anbarlarından da məntəqələrə paylanır”, söyləyən Rüstəmov bu gün içməli suyun təmizlənmə prosesində heç bir problem olmadığını qeyd etdi.

Cənubi Qafqazda ən az içməli su ehtiyatının Azərbaycanda olduğunu bildirən Aqşin Rüstəmov su qıtlığının aradan qaldırılması ilə bağlı əlavə su kəmərlərinin də çəkildiyini bildirdi.

“Bakı şəhərinə bu gün dörd mənbədən su gəlir. Lakin sudan səmərəsiz istifadə nəticəsində su qıtlığı yaranır. Problemin aradan qaldırılması ilə bağlı atılan addımlardan biri Oğuz-Qəbələ-Bakı içməli su kəmərinin çəkilməsidir. Kəmərin tamamlanma işləri 2010-cu ildə başa çatacaq. Kəmər istismara verildikdən sonra mövcud içməli su problemi maksimum dərəcədə həllini tapacaq”, söyləyən Rüstəmov sonda əhalini bir daha sudan səmərəli və qənaətlə istifadə etməyə çağırdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar