Bakının kanalizasiya sistemi yenidən qurulur
25 Fevral 2012 Şənbə 11:12
Tikiləcək çirkab sutəmizləyici qurğu Koreya hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
“Hazırda həlli vacib məsələlərdən biri də böyük Bakının kanalizasiya şəbəkəsinin yenidən qurulmasıdır”. Bu sözləri “Azərsu” ASC-nin Strateji İnkişaf Departamentinin rəisi, Əməkdar Mühəndis, texnika elmləri doktoru Əhməd Məmmədov bildirib. O, qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində Bakının kanalizasiya şəbəkəsi yaradılarkən bütün çirkab sularının Hövsan Aerasiya Stansiyasına yönəldilməsi əsas götürülüb. Şəhərin hazırkı inkişaf planı və işlənən “Master Plan” yaranan çirkab sularının bir hissəsinin şəhərin qərb hissəsinə yönəldilməsinin məqsədəuyğun olduğunu göstərir. Hazırda paytaxtın qərb hissəsində yaranan çirkab sular şəhərin, demək olar ki, mərkəzindən keçməklə tamamilə əks istiqamətə - nasoslardan istifadə edilməklə böyük enerji sərfiyyatı hesabına Hövsan Aerasiya Stansiyasına ötürülür. “Azərsu” ASC sözügedən problemin həlli istiqamətində konkret işlərə başlayıb.

Bu məqsədlə Lökbatan dairəsi yaxınlığında məhsuldarlığı sutkada 400 min kubmetr olacaq yeni təmizləyici qurğunun inşasına başlanılıb. Bununla da, Xırdalan şəhərinin və ətraf ərazilərin çirkab sularının Lökbatan təmizləyici qurğusuna ötürülməsi təmin olunacaq. Bundan başqa, Böyükşor gölü yaxınlığında yerləşən 4 nömrəli kanalizasiya nasos stansiyasından şəhər istiqamətinə yönləndirilən çirkab suları da yeni tikiləcək tunel vasitəsilə özüaxımlı rejimdə olmaqla bu qurğuya yönəldiləcək.

Perspektiv planlardan danışan departament rəisi əlavə edib ki, paytaxtımız gündən-günə dəyişərək gözəlləşir. Artıq Bakı dünyanın ən yaraşıqlı şəhərlərinin sırasına qoşulur. Bu məsələni xüsusi diqqət mərkəzində saxlayan prezident İlham Əliyev Bakı bulvarının genişləndirilərək Dövlət Bayrağı meydanından Sultan burnuna qədər uzadılması ilə bağlı göstəriş verib. Belə olan halda “Zığ-1” və “Zığ-2” kanalizasiya nasos stansiyaları da yeni bulvarın ərazisinə düşəcək. Bulvarın təmizliyinin qorunmasını təmin etmək məqsədi ilə Sultan burnunadək 4 kilometr uzunluğunda yeni tunel tikiləcək və mövcud kanalizasiya nasos stansiyaları ora köçürülərək bulvar ərazisindən çıxarılacaq.

Yeri gəlmişkən, hazırda Abşeronun bəzi sahilboyu ərazilərində çirkab suları təmizlənmədən dənizə axıdılır. Bunun qarşısını almaq üçün sahilboyu müxtəlif ərazilərdə 11 lokal çirkab sutəmizləyici qurğunun inşası da nəzərdə tutulur.

Pirşağı qəsəbəsində tikiləcək çirkab sutəmizləyici qurğu Koreya Respublikası hökumətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Bu qurğu ən modern tipli olacaq və təmizlənmiş sudan həm texniki, həm də suvarma məqsədi ilə istifadə etmək mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar