Bakının avtobus dayanacaqlarında monitorlara nə olub?
17 Yanvar 2012 Çərşənbə Axşamı 01:31
Nəqliyyat Nazirliyinin rəsmisi: “Qatar üstümüzə gələ-gələ rels çəkirik”.
Bakı şəhərində intellektual idarəetmə sistemi artıq işə düşüb. Milli.Az-ın məlumatına görə, sistemlə əlaqədar olaraq dayanacaqların yenilənməsi və avtobuslarda monitorların quraşdırılmasını müşahidə edilir. Bunlara baxmayaraq, hələ də avtobuslar dayanacaqdan kənarda saxlayır və ya heç saxlamır, “tələsirəm” deyib sürüb keçir. Bəzi yerlərdə monitorlar quraşdırılsa da, düzgün işləmir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildiriç ki, İntellektual Nəqliyyat Sistemi ilə bağlı Bakı şəhərində monitor olan 664 dayanacaq quraşdırılıb. Həmin monitorların bəziləri bu gün işləmir. Ancaq bu o demək deyil ki, monitorda problem var, sadəcə, hazırda sistem “işçi” rejimdə işləyir.
“Quraşdıra-quraşdıra işləyirik. Qatar üstümüzə gələ-gələ rels çəkirik. Bəzi kabellər mərkəzi sistemə qoşulmayıb. Ona görə də siqnal ötürülmür. İndi sistemlərin əlaqələndirilməsi prosesi gedir. Bundan sonra mərkəzə düzgün məlumat ötürülməlidir ki, idarəetmə düzgün təşkil olunsun”, - deyə N.Həsənov vurğuladı.
Nazirlik rəsmisinin sözlərinə görə, hələlik İntellektual Nəqliyyat Sisteminin birinci mərhələsi istifadəyə verilib: “Bu mərhələdə 4086 avadanlıq quraşdırılıb, onlardan 1612-si küçə və prospektlərdə, 378-i mərkəzi sistemdə, 2096-sı isə avtobuslardadır. 150 yol ayrıcında 3024-ə yaxın videoizləyici qurğular, 37 yol kəsişməsində lup-detektorlar qoyulub. Bunlar aşkarlayıcı həlqələrdir. Bu qurğu aşkarlayır ki, harada tıxac var, parkinq düzgün deyil. Bu məlumatlar mərkəzi dispetçer məntəqəsinə ötürülür. Sistem hələlik bu qurğular vasitəsilə işlədilir. Əsas işlər qarşıdadır. Bu ilin ortalarına qədər sistemin birinci mərhələsi tam başa çatacaq və sistemin əhatə dairəsinin genişləndirilməsini əhatə edən ikinci mərhələsinə başlanılacaq”.
Avtobusların hələ də dayanacaqdan kənarda saxlamasına gəlincə, N.Həsənov hesab edir ki, gələcəkdə avtobus sürücüsünün dayanacaqdan kənarda saxlamaqdan başqa yolu olmayacaq. Onun işi monitorlar vasitəsilə izlənəcək və avtobusu qaydalara uyğun idarə etməsə, işini itirəcək. Bəzi dayanacaqları qeyri-leqal taksi fəaliyyəti ilə məşğul olanlar zəbt ediblər, yollarda qazıntı işləri aparılır.
DOSTLARINLA PAYLAŞ: