Bakının 4 rayonuna su fasiləsiz veriləcək
01 Oktyabr 2012 Bazar Ertəsi 17:47
Yeni Günəşli, Bakıxanov qəsəbələri, Xətai və Nizami rayonlarının bir hissəsi fasiləsiz içməli su ilə təmin etmək mümkün olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.
Bakı şəhərinin şərq hissəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “+110 Şərq” və “+ 69 Şərq” anbarlarında əsaslı yenidənqurma işləri aparılıb. Belə ki, “+69 Şərq” su anbarında uzun müddət istismarda olan 700 mm diametrli kollektor 1400 mm diametrli yeni kollektorla əvəz edilib. Yeni kollektorun istismara verilməsindən sonra burada daha böyük həcmdə su ehtiyatının toplanmasına və paylayıcı şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranıb. Eyni zamanda anbarların çıxışında nasosxanaları normal təzyiqli su ilə təmin etmək məqsədi ilə çıxış kollektorları yenilənib.
Qeyd edək ki, paytaxtın Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarının 220 mindən çox sakininə bu anbarlardan içməli su verilir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu ərazidə yaşayan sakinlərin fasiləsiz içməli su ilə təmin olunması üçün anbarlardan verilən suyun həcmi saniyədə 1,73 kubmetr olmalıdır. Halbuki hazırda ən yaxşı halda bu göstərici saniyədə 1,45 kubmetr təşkil edir. Digər tərəfdən indiyə qədər 185 min kubmetr tutumu olan anbar kompleksinə sutka ərzində maksimum 125 min kubmetr su yığmaq mümkün olurdu.
Anbarlarda aparılan əsaslı yenidənqurma işlərindən sonra bu göstəricini 180 min kubmetrə çatdırmaq və tələbatdan da artıq - saniyədə 2,14 kubmetr su ötürmək imkanı yaranacaq.
Bununla da paytaxtın Xətai rayonunun əksər hissəsini, Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivini, Sabunçu rayonunun Bakıxanov qəsəbəsini, həmçinin Nizami bir hissəsini fasiləsiz rejimdə içməli su ilə təmin etmək mümkün olacaq. Suyun təzyiqinin artması 44 ədəd məhəllədaxili nasos stansiyasının və bunlara aid su anbarlarının ləğvinə imkan verəcək.
DOSTLARINLA PAYLAŞ: