Bakını niyə boşaldırlar?
15 İyul 2014 Çərşənbə Axşamı 15:12
Daxili miqrasiya yeni nəticələrlə heyrətləndirir.
Şəmkirin Çənlibel kəndində hamı Fidayıl kişini rəhmətlə anır, əsil türk kişisi idi, 150 qoyunu, 10 inəyi vardı. Hektarlarla yer əkərdi. Gecə-gündüz çalışardı. Qonaq-qaralı süfrəsi həmişə bol olardı, heç zaman “neynim, nə edim” deməzdi. Beş-altı il qabaq Bakıya köçməyə qərar verdi, Sulutəpədə özünə ev tikmişdi. Evini, mal-qoyununu satıb Bakıdakı evinə yerləşdi. Amma Fidayıl kişinin Bakı sərgüzəşti 1 ay çəkdi. Dərhal geri qayıtdı. “Burada ağa kimi dolanırdıq, özümüz öz bəyimiz idik. Bakıda bir qarın çörək üçün kiminsə əlinin altında işləməlisən. Səhərdən axşama kimi çalışırsan ki, yalnız qarnını doydurasan, nə yeyib-içdiyin də bilinmir”, - deyə yaşı 60-ı keçmiş Çənlibel sakini bildirmişdi. O, kəndə qayıdan kimi dərhal özünə yeni və çox rahat bir ev tikdi, qoyun-quzu, mal-qara aldı. Fidayıl kişinin bu addımı Çənlibelin gözü Bakıda olan çox sakinini ayıltdı. “Fidayıl kimi nər Bakıda duruş gətirmədisə, biz kimik?” dedilər. Bakıya köçmək istəyən gənclər də fikirlərindən daşındılar, həmin il Çənlibeldə 10-15 yeni ev tikildi.

Çənlibel sakininin bu addımını artıq bütün Azərbaycana xarakterik eləmək mümkündür. Bir vaxtlar regionlardan Bakıya böyük köç vardısa, artıq əks proses başlayıb və sosioloqlar buna əks-urbanizasiya prosesi deyirlər. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun dediyinə görə, Azərbaycanda əks-urbanizasiya prosesi təxminən 2010-cu ildən başlayıb. «Neftdən kənar bölmənin inkişafı çərçivəsində regionlarda görülən işlər artıq öz bəhrəsini verir. Əyalətlərdə açılan yeni iş yerləri əhalinin geri dönməsinə imkan yaradır», - deyə Azər Allahverənov ANS PRESS-ə bildirib.

Ekspertin dediklərini ANS PRESS-in regionlarda apardığı lokal araşdırmalar da sübut edir. Məsələn, Ucar rayonunda bu yaxınlarda açılmış quşçuluq kompleksi yüzlərlə ailənin geri qayıtmasına səbəb olub. Vaxtilə Bakıda ayda 400-500 manat qazanmaq üçün kirayədə qalan, hərc cür yarıtmaz şəraitə dözən ailələr indi öz evlərinin içində 400 manata yaxın maaş alırlar. Üstəlik, kirayə pulu vermirlər, bir az da təsərrüfatla məşğul olub, dolanışıqlarını yaxşılaşdırırlar. Yaxud Şəkidə son illərdə daxili turizmin inkişafı üzrə görülən işlər minlərlə ailənin geri qayıtmasına imkan verib - çox ailələr evlərini kirayəyə verməklə dolanır, həm də şəhərə bayramlarda və yay fəslində artan turist axını nəqliyyatda və xidmət sektorunda yeni iş yerlərinin açımasına imkan verir. Şəkidə ailələrin qazancı da az olmur. Məsələn, mövsüm zamanı birotaqlı evin günlük kirayə qiyməti 60 manata qədər qalxır.

Ümumiyyətlə, bütün dünyada hazırda urbanizasiya problemi var və bunun da müxtəlif həll üsulları mövcuddur. Məsələn, Meksika əhalisinin yarıdan çoxu (36 milyona qədər insan) paytaxt Mexikoda yaşayır. Rusiya əhalisinin də yarıya qədəri Moskva, Peterburq, Voronej üçbucağında qərarlaşıb. Türkiyədə ölkə əhalisinin yarıya qədəri İstanbul - İzmir aralığına, Çində və Amerikada əhalinin böyük hissəsi sahillərdə yerləşən meqapolislərə yığışır. Hər ölkənin problemi həll etməsi üçün öz üsülları var.

Məsələn, Çində və Rusiyada dövlət investisiyalarının hesabına yeni meqapolislərin yaradılması nəzərdə tutulur. Çin artıq Uyğurustan paytaxtı Urumçini meqapolisə çevirə bilib, növbədə isə Daxili Monqolustanın paytaxtı Ordosdur. Bir zamanlar 30-40 min monqolun yaşadığı kiçik şəhərdə 1 milyondan çox adamın yerləşə biləcəyi evlər tikilib, hazırda Pekin və Şanxay kimi iri şəhərlərdən əhalinin Ordosa köçürülməsi təşviq edilir. Eyni yolu Rusiya da tutmaq niyətindədir. Rusiya Vladivostok, Xabarovsk, Novosibirsk, Yekatrinburq, Murmansk, Rostov və Soçi kimi şəhərləri meqapolisə çevirməyi qarşısına məqsəd qoyub. Artıq Soçi və Novosibirskə meyl başlanıb.

Amerika ştatlarından daxili miqrasiyanın tənzimləndərilməsi ilə yanaşı meqapolislərdə yeni urbanizasiya meylinin tətbiqi gerçəkləşdirilir. Bu meyl meqapolisləri 200-300 min adamın yaşadığı və öz mərkəzi, iş yerləri olan peyk şəhərlərə bölməyi nəzərdə tutur. Bu siyasət ilk dəfə Deytrotda tətbiq edilib. Avtomobil sənayesində baş vermiş tənəzzüldən sonra şəhər mərkəzi boşalıb və əhali təbii yolla peyk şəhərlərə yığılıb. Ekoloji baxımdan əlverişli olduğu üçün indi Amerikada bütün meqapolisləri bu cür peyk şəhərlərə çevirməyi düşünürlər. Adətən belə peyk şəhərlərdə əhali ictimai nəqliyyatdan istifadə etmir, günorta naharı üçün evə gedir və s. Peyk şəhərlər arasında əsasən elektrik nəqliyyatı işləyir ki, bu da havanın təmiz olmasına imkan yaradır.

Ekspert Azər Allaşverənov ANS PRESS-ə bildirib ki, yuxarıda bəhs edilən hər iki meyl Azərbaycanda da tətbiq edilir. Əvvəla, Bakının mərkəzindən, məsələn Sovetskdən əhali peyk yaşayış zonalarına çıxarılır ki, Xırdalan və Masazıra artıq xeyli əhali köçüb. Qarşıdan gələn illərdə isə Ələt, Dübəndi, Pirallahı və s. kimi zonaları inkişaf etdiriləcək. Təbii ki, proses bazaar qanunları ilə baş verir.

Eksepert ölkədaxili əks-miqrasiyanın baş verdiyini də vurğulayır. Onun sözlərinə görə, artıq on ildən çoxdur ki, Gəncə inkişaf edir və meqapolisə çevrilməsə də, Azərbaycanın ikinci sənaye mərkəzi mövqeyini bərpa edirr: “Bir vaxtlar qərb regionundan, o cümlədən Gəncədən əsas axın Bakıya idi. İndi isə qərb regionu üçün paytaxt rolunu Gəncə oynayır. Yəni Mingəçevir, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Goranboy, Şəmkir, Tovuz və Qazax üçün artıq mərkəz Gəncədir. Şəhərdə işə salınan bir neçə zavod vəziyyəti dəyişib, həyat canlanıb. Bəzi rayonlardan hətta Gəncəyə hər gün işə gedib-gəlirlər. Şəhərdə rəsmi 300 min adam qeydiyyatda olsa da, hazırda real olaraq Gəncədə 600 minə yaxın adam yaşayır. Mən əminəm ki, gələcəkdə, lazım olarsa, Naxçıvana da bu cür diqqət yetiriləcək və ölkənin üçüncü sənaye şəhəri kimi Naxçıvan şəhərinin əhalisi də belə sürətlə artacaq”,- deyə Azər Allahverənov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar